İran və Azərbaycanın XİN başçıları telefonla danışıb
Nəqliyyat dəhlizi və birgə layihələrin əhəmiyyəti vurğulanmışdır
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
Bu telefon danışığında tərəflər iki ölkə arasında siyasi əlaqələrin inkişafını, o cümlədən enerji, tranzit, nəqliyyat, sərhəd məsələləri sahələrində əməkdaşlığın genişləndirilməsi, iki ölkə arasında imzalanmış sazişlərin və iqtisadi layihələrin həyata keçirilməsi ilə bağlı məsələləri xüsusi vurğulayıblar, həmçinin iki ölkənin yüksək səviyyəli rəsmilərinin gələcək səfərlərinin təşkilini müzakirə ediblər.
İranın Xarici İşlər naziri bu telefon danışığında İran İslam Respublikasının mehriban qonşuluq siyasətinə əsaslanan yanaşmasının davam etdirilməsini və Azərbaycan Respublikası ilə müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsini vurğulayıb.
Nazir Ceyhun Bayramov isə mövcud Azərbaycan-İran əlaqələrinin inkişafında siyasi dialoqun əhəmiyyətini vurğulayıb.
Azərbaycan və İran arasında enerji, nəqliyyat və investisiya sahələrində həyata keçirilən birgə layihələrin strateji əhəmiyyət daşıdığı qeyd edilib. Xüsusilə İran ərazisindən keçən nəqliyyat dəhlizlərinin, eləcə də Azərbaycanın qərb regionları ilə onun Naxçıvan Muxtar Respublikasını birləşdirəcək infrastruktur layihələrinin region üçün yeni imkanlar yaratdığı diqqətə çatdırılıb.Tərəflər, həmçinin iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin inkişafı məqsədilə hökumətlərarası iqtisadi komissiyanın rolunu qeyd edib.