Əliyevdən Aİ-nin mülki missiyasına ağır ittiham:
“Onlar gecə-gündüz casus kimi sərhədlərimizdə dayanırlar”
Azərbaycan Respublikasının prezidenti Avropa İttifaqının monitorinq missiyasını ölkəsinə qarşı casusluqda ittiham edib.
İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib: “Avropanın monitorinq missiyası, əslində, Avropa Birliyinin kəşfiyyat missiyasıdır. Onlar gecə-gündüz casus kimi bizim sərhədlərimizdə dayanırlar, baxırlar ki, bəlkə haradansa bir yerdən girə bilsinlər. Bizim də kifayət qədər kəşfiyyat məlumatımız var belə dırnaqarası monitorinq missiya haqqında”.
İ.Əliyev həmçinin bir sıra dövlətlərin Ermənistana silah tədarükünü tənqid edib: “Ermənistana təchiz olunan məhvedici silahlar bizə qarşı yönəlir. Bəlkə də onlar bu gün başqa yerlərdə lazımlı olar. Amma o silahlar Ermənistana göndərilir”, - deyə Azərbaycan Respublikasının prezidenti vurğulayıb.