Mart 14, 2025 15:24 Asia/Baku

Sionist tədqiqatçı ABŞ hökumətinin Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasına nəzarət etməsini vacib məsələ adlandırıb.

İsrailin Bar İlan Universitetinin Begin Sadat Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Cozef Epşteyn bildirib ki, ABŞ prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına asanlıqla nail ola bilər.

Epşteyn iddia edib ki, Tramp İrəvan və Bakını uzun müddətdir davam edən münaqişəyə son qoymağa inandıra bilsə, bu, hər iki ölkə üçün iqtisadi fayda təmin etməkdə “tarixi şans” olacaqdır.

Analitik həmçinin Cənubi Qafqazda sülhün ABŞ-a da xüsusi dividend qazandıracağını vurğulayıb. “Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi Donald Trampa nadir torpaq metallarının alternativ mənbələrini əldə etməkdə kömək edəcək”, - deyə sionist ekspert qeyd edib.

Bu faktın özü ciddi bir etirafdır; Tramp administrasiyasını düşündürən yeganə şey ölkələr arasında sülh deyil, nadir torpaq elementlərini ələ keçirməkdir. Necə ki, Ukrayna ilə Rusiya arsındakı vasitəçiliyin də məğzində məhz bu amil dayanır və müharibədə insanların ölümü qətiyyən ABŞ-ı düşündürmür. Ona görə də Azərbaycanla Ermənistan arasında sülh sazişi Trampın öhdəsinə buraxılarsa, sənəd hökmən onun şərtləri daxilində tənzimlənəcək və istər Azərbaycan olsun, istərsə də Ermənistanın təbii sərvətlərinin talanmasına yol açacaq, bununla belə bəzi ekspertlər Amerika prezidentinin Azərbaycanın dövlət maraqlarını nəzərə alacağı qənaətindədirlər.

Digər tərəfdən ABŞ-ın ATƏT Minsk Qrupuna həmsədrlik etdiyi dönəmdə Ermənistanın xeyrinə olan gedişini və Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olmadığını nəzərə alaraq, tam əminliklə demək olar ki, Birləşmiş Ştatlar elə indi də strateji tərəfdaşı olan Ermənistanın maraqlarını düşünür. Xüsusilə də ABŞ hökuməti güclü erməni lobbisinin təsiri altındadır və Konqres tez-tez Ermənistanın mövqeyinə yaxın qərarlar qəbul edir. Bu isə ABŞ-ın neytral vasitəçi kimi çıxış etməsini çətinləşdirir.

Nəhayət sionist tədqiqatçının məlum tövsiyəsindən belə çıxır ki, Vaşinqton sülh prosesinin yekunlaşması ilə eyni vaxtda Ermənistanın xeyrinə addımlar atmalı və təşəbbüskarlığı öz əlinə keçirməlidir.