Mart 17, 2025 17:52 Asia/Baku
  • Hərbi prokuror Xanlar Vəliyevə medal verilib

Azərbaycan Respublikasında Tərtər cinayətinin təşkilatçılarından olan hərbi prokuror Xanlar Vəliyev təltif edilib.

Hərbi prokurur prezident İlham Əliyevin sərəncamıyla 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xanlar Vəliyevin adı ictimaiyyət içərisində ən çox “Tərtər işi” ilə hallanır.

Tərtər hadisələrində işgəncə görənlər və ölənlərin ailələri dəfələrlə Xanlar Vəliyevə istefa tələbilə etiraz aksiyaları keçiriblər. Onlar işin düzgün araşdırılmadığını, səbəbkarların cəzalandırılmadıqlarını iddia edirlər.

Xanlar Vəliyev 2021-ci ildə demişdi ki, Tərtər hadisələrində sadəcə bir nəfər ölüb və bu, istintaqdan əvvəl baş verib.

Hüquq müdafiəçiləri və hərbçilərin ailələri isə deyir ki, 2017-ci ildə istintaq zamanı 11 hərbçi öldürülüb, yüzlərlə hərbçi şiddətli işgəncəyə məruz qalıb.

Tərtər cinayəti ilə bağlı onlarla məqalənin müəllifi, Şərq – Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu hərbi prokurorun təltif edilməsinə reaksiya olaraq feysbuk paylaşımında yazıb: “Nəhayət, 8 ildən sonra İlham Əliyev Tərtərdə törədilmiş qətliama reaksiya verdi... və onun əsas təşkilatçısı olan Xanlar Vəliyevi 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif etdi…”.

Xatırladaq ki, 2017-ci ildə Tərtər və ətraf rayonlarda bir qrup azərbaycanlı hərbçi Ermənistanın xeyrinə casusluqda şübhəli bilinərək yüksək rütbəli zabitlərin göstərişi ilə işgəncələrə məruz qalıb. Tərtər işi üzrə istintaq 2021-ci ildə bərpa edilib. Məlum olub ki, dövlətə xəyanətdə ittiham olunanların əksəriyyəti günahsızdır.

Zərərçəkmişlər məhkəmə prosesində ifadə verərkən Tərtərdə ağlasığmaz işgəncələrə məruz qaldıqlarını deyiblər. Onlar icraçılarla yanaşı, bu hadisələrin təşkilatçılarının cəzalandırılmasını tələb ediblər. Məhkəmə prosesində dəfələrlə müdafiə naziri Zakir Həsənovun, sabiq baş qərargah rəisi Nəcməddin Sadıxovun, hərbi prokuror Xanlar Vəliyevin, onun müavini Şəfahət İmranovun, keçmiş korpus komandiri Hikmət Həsənovun və digər vəzifəli şəxslərin çağırılıb dindirilməsi barədə vəsatətlər qaldırılıb, lakin heç birini hakimlər təmin etməyib.