Türkiyə məsələsinə görə Azərbaycanda fərqli yanaşmalar var
Rəsmi Bakı hələlik mövqe bildirməyə tələsmir
Azərbaycanlı politoloqlar Türkiyədə genişlənməkdə olan etirazlara bir-birindən fərqli münasibət sərgiləyərkən hakimiyyət rəsmi mövqe sərgiləməkdən çəkinir.
Xaricdə mühacirətdə olan hüquqşünas Qurban Məmmədov bildirib ki, “Ərdoğan xalqın seçdiyi bir liderdir və problem seçki qutusunda çözülməlidir. Türkiyənin qarışmasını istəyənlər öz intiharlarına hazırlaşanlardır. Ortada ciddi, mötəbər sübutlar var. Türkiyəni ələşdirməkdənsə, öz problemlərimizi həll edək”.
Oxşar fikirləri hüquqşünasın qardaşı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da Səhər Azəri-yə verdiyi müsahibəsində dilə gətirdi.
Azərbaycanda Türkiyə iqtidarını dəstəkləməyənlərin də sayı az deyil. Məsələn AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, “bu gün Türkiyədə baş verənlər hələ başlanğıcdır, əgər vaxtında avtoritar meyillərin demokratik prosesləri məhdudlaşdırmaq cəhdlərinə dur deyilməyəcəksə, gərəkli olan reaksiya göstərilməyəcəksə, o zaman bunun ardınca avtoritarizmin strukturlaşması və güclənməsi mərhələsinə keçid ola bilər”.
Bakı Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Şahin Cəfərli isə bildirib ki, Türkiyədə hərbi çevriliş dövrlərindəkinə bənzər səhnələr yaşanır.
“Seçkidə yenə bilmədikləri rəqibi polis, prokuror, məhkəmə gücü ilə əngəlləməyə çalışırlar. Məqsəd bundan sonrakı seçkiləri hakimiyyət namizədinin və onun partiyasının qələbəsinin təsdiqləndiyi formal prosedura çevirməkdir”, - deyə politoloq vurğulayıb.
Maraqlıdır ki, bəziləri Türkiyədə baş verənlərə görə həm iqtidarı, həm də müxalifəti suçlayır.
Azərbaycanlı tanınmış vəkil Aslan İsmayıl öz İnstaqram hesabında yazıb: “Qaçan da, tutan da ağır durumda olan xalqın rifahindan çox öz hakimiyyətlərini düşünür və 90 milyonluq Türkiyəni bir-birini anlamaq istəməyən iki qütbə bölüblər. Ona görə də hazırki vəziyyəti Türkiyə üçün çox təhlükəli sayıram. Türkiyə kimi bir Dövləti şəxsi ambisiyalara qurban vermək Vətənə xəyanətdir”.
İndi bu yanaşmaların kənarında hər kəs Azərbaycan hakimiyyətinin mövqeyini gözləyir. Ancaq o, hələ ki, susqunluq nümayiş etdirir. Deyirlər, sükut adətən razılıq əlamətidir. Belə olan halda, görəsən rəsmi Bakı Türkiyədəki repressiyadan razıdır, yoxsa CHP-nin hakimiyyətə gəlməsindən?