İlham Əliyev Pezeşkiyanın siyasi məsələlər üzrə müşaviri ilə görüşüb
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin birində İran İslam Respublikası prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi ilə görüşüb.
Görüşdə Mehdi Sənayi İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyanın salamlarını Azərbaycan Respublikasının prezidentinə çatdırıb.
Salamlara görə minnətdarlığını bildirən İlham Əliyev, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş edib.
Mehdi Sənayi İranın qonşu dövlətlərlə, xüsusilə də tarixi, dini, mədəni bağlılığı olan Azərbaycan ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb, hazırda ölkələrimiz arasındakı münasibətlərin bütün sahələrdə inkişafından məmnunluğunu bildirib.
Azərbaycan Respublikasının prezidenti də öz növbəsində Azərbaycan ilə İranın ortaq dəyərləri bölüşdüyünü qeyd edib, son dövrlərdə ikitərəfli qarşılıqlı səfərlərin dinamikasını müsbət qiymətləndirib.
İlham Əliyev Mehdi Sənayinin Azərbaycana səfərinin ikitərəfli gündəliklə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağına ümidvarlığını ifadə edib.
Görüşdə iki ölkə arasında nəqliyyat, xüsusilə də Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, iqtisadi-ticari, enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb, hökumətlərarası komissiyanın fəaliyyətinə toxunulub.
Söhbət zamanı Ağbənd istiqamətində Araz çayı üzərində körpünün tikintisi prosesi ilə bağlı fikir mübadiləsi aparılıb.