Daha bir azərbaycanlı politiloq Ərdoğanın Çaldıran açıqlamasına münasibət bildirib
Ərəstun Oruclu: O, populist siyasətçi kimi davranır
Azərbaycanlı politoloq bildirib ki, Ərdoğanın Çaldıran haqda söylədikləri populist bir siyasətçinin zamanın tələbinə uyğun söylədiyi fikirlərdir.
Şərq- Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu moderatir.az portalına verdiyi müsahibədə deyib: “Düşünürəm ki, bu cür yanaşmalar Türkiyənin Qafqazdan, ilk növbədə də Azərbaycandan sıxışdırılıb çıxarılmasına zəmin yaratmağa xidmət edə bilər”.
Politoloqun zənnincə, Rəcəb Təyyib Ərdoğanın Çaldıran döyüşü və Şah İsmayıl haqda söylədiyi fikirlər, oradakı ziddiyyətli məqamlar və Azərbaycan cəmiyyətində bununla bağlı gedən qızğın diskussiyalar, ümumiyyətlə, mənasızdır.
Mənasızdır ona görə ki, Ərdoğan siyasətçi kimi həmin fikirləri özünün hal-hazırkı həm daxili, həm də xarici siyasət konyukturasına uyğun bir təbliğat kimi işlədibdir. Yəni bu gün onun marağı tələb edir ki, müxtəlif separatçı, terrorçu kürd qruplaşmaları ilə bir əmin-amanlıq anlaşmasına gəlsin və onların tərksilahına nail olsun.
Siyasi təhlükəsizlik məsələri üzrə ekspert Ərəstun Oruclu qeyd edib ki, Çaldıran döyüşü və Şah İsmayıl- Sultan Səlim haqda səslənən fikirlərin nə dərəcədə düzgün olub-olmamasını yalnız tarixçilər, alimlər qiymət verə bilər.