Avq 03, 2025 13:48 Asia/Baku
  • Nardaranda Avropanın ən böyük kazinosu tikilir - AKTUAL

Azərbaycanın Xalq artisti, iş adamı və ölkə başçısının keçmiş kürəkəni Nardaran qəsəbəsinə yaxın "Sea Breeze" çimərliyində Avropanın ən böyük kazinosunu tikəcəyini bildirib.

Emin Ağalarov deyib ki, sahəsi 90 min kvadratmetrdən çox olacaq kazino guya xarici turistləri cəlb edəcək, turizmi qış mövsümündə də ayaqda saxlayacaq və yüksək maaşlı iş yerləri yaradılmasına xidmət edəcək.

Emin Ağalarovun Nardaran (Sea Breeze) layihəsində kazino açılması ilə bağlı planları ciddi müzakirələrə səbəb olub. Ona görə ki, qumar fəaliyyəti Azərbaycanda 1998-ci ildə Heydər Əliyev tərəfindən qadağan edilib. Bu qadağanın əsas səbəbi sosial və iqtisadi problemlər yaratmaq təhlükəsi idi. Bu səbəbdən hazırda qanunvericiliyin dəyişdirilməsi tələb olunur. Parlamentdə 2025-ci ilin iyununda süni torpaq sahələrində kazino açmaq üçün qanun layihələri müzakirə edilməyə başlayıb. Lakin məsələ bununla bitmir: İctimai-mənəvi və dini reaksiyalar Ağalarovun eybəcər planına kölgə salmaqdadır. Bu mənada qumar oyunlarının dövlət səviyyəsində yenidən təsdiqi, uzun illər sonra milli dəyərlərin əksinə gedən bir dönüşün nümayişi olaraq qiymətləndirilir. Eyni zamanda onu da nəzərdən qaçırmaq olmaz ki, dindarların yaşadığı Nardaran amili də var. Bir çox hüquqşünas açılışla daha çox Nardarandan ciddi etirazların ola biləcəyini düşünürlər. Məsələn Əkrəm Həsənov kimi ekspertlər qeyd edir ki, Nardaran əhalisinin böyük hissəsi belə bir layihəyə qarşı olacaq.

Digər tərəfdən iqtisadçıların fikrincə, qumar fəaliyyətinin bərpası korrupsiyanın, maliyyə fırıldaqlarının və pul yuyulması hallarının artmasına şərait yarada bilər.

Bütün bunları nəzərə alaraq prezidentin keçmiş kürəkəninə qanunla yasaqlanmış qumarxana yaratmağa, özü də Avropanın ən böyük kazinosunu açmağa lisenziya verilməsi heyrətlə qarşılanır.