Avq 10, 2025 10:39 Asia/Baku
  • Azərbaycan prezidenti təhqir olunubmu? – AKTUAL

Amerika prezidentinin Oval Ofisdə Azərbaycan və Ermənistandan olan qonaqları ilə davranışı müzakirələrə səbəb olub.

Tramp adətən Ağ Evdə qəbullar üçün istifadə olunan iri, hündür arxa dayaqlı, yastıqlı kresloda oturur. Bu, ev sahibinin və yüksək status sahibinin simvoludur.

Avqustun 8-də Ağ Ev sahibinin Azərbaycan prezidenti ilə görüşündən yayılan videolardan məlum olur ki, Əliyev yan tərəfdə, daha alçaq, arxa dayağı qısa və dar olan bir stulda, daha doğrusu bir kətilin üstündə yerləşdirilib.

Bununla da oturacaq fərqi vizual olaraq “ev sahibi üstün mövqedədir, qonaq isə daha aşağı mövqedədir” təəssüratı yaradır. Halbuki, diplomatiyada bərabər status üçün bərabər hündürlükdə və tipdə oturacaqlar nəzərdə tutulur.

İndi gələk Trampın Azərbaycan dövlət başçısına neçə ildir hakimiyyətdə olması barədə verdiyi suala. Trampın sualı əslində formal deyil. Diplomatik görüşlərdə belə şəxsi və birbaşa hakimiyyətdə qalma müddətini soruşmaq nadirdir və ABŞ-ın “hakimiyyətin uzun müddət bir şəxsdə qalmasına” yönəlik tənqidi münasibəti fonunda ironik bir eyham kimi qəbul edilə bilər, bəlkə də bir növ siyasi mesajdır. Bu səbəbdən sosial şəbəkələrdə isə “Tramp Əliyevi aşağıladı” kimi yozumlar meydana çıxmışdır.

Beləliklə də sözü gedən iki məqam bəzilərinə görə Azərbaycan Respublikasının prezidentinə qarşı hörmətsizlik və ya protokol təhqiri kimi qəbul olunur.