Avq 20, 2025 13:50 Asia/Baku
  • Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından məhrum edildi

Rusiyadakı Azərbaycan diasporunun rəhbəri Navalnıya “dəstək verdiyi” üçün vətəndaşlıqdan məhrum edilib.

Bu məlumata əsasən, Çelyabinsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri Ərşad Xankişiyevin Rusiya vətəndaşlığı əlindən alınıb.

Rusiya mediası xəbər verir ki, buna səbəb “etno-separatizm təbliğatı və Aleksey Navalnıya dəstək” ittihamlarıdır.

Rusiyada Azərbaycan diasporuna qarşı təzyiqlər son zamanlar iki qonşu ölkə arasında böhranın dərinləşməsi fonunda xeyli artıb.  

Bu, daha çox Azərbaycan hökumətinin Ukraynaya açıq şəkildə dəstək verməsi ilə əlaqələndirilir və Rusiyada bəzi dairələrin Bakıya qarşı qıcıq yaratmasına səbəb olur.

Əslində, Rusiyada millətçi dairələr və bəzi siyasətçilər ümumiyyətlə “xarici diasporların güclənməsi”ni ölkəyə təhlükə kimi qələmə verirlər. Onlar xüsusilə Azərbaycan diaspor təşkilatlarını hədəfə alaraq onların ticarət, biznes və mediada təsirini azaltmağa çalışırlar.

Bununla əlaqədar Rusiyada Vətəndaş Cəmiyyətləri və İnsan haqları üzrə Şuranın üzvü, eyni zamanda Milli Antikorrupsiya Komitəsinin sədri Kiril Kabanov təklif edib ki, Rusiya ərazisində Azərbaycanın diaspor fəallarının bütün biznesləri boğulsun!

Bu atmosferdə Azərbaycan diasporuna təzyiqlərin müəyyən dalğavari şəkildə davam edəcəyi gözlənilir. Əgər Azərbaycan Qərbə daha çox yaxınlaşarsa, diaspor daha ciddi təzyiq altında qala bilər. Və bu, özünü hüquqi məhdudiyyətlər, mədəni tədbirlərin ləğvi, bəzi iş adamlarının hədəfə alınması formasında büruzə verəcəkdir.

Bütövlükdə Rusiyadakı Azərbaycan diasporuna qarşı təzyiqlər Moskvanın Bakıya siyasi mesajı kimi görünür.