Avq 21, 2025 12:21 Asia/Baku
  • Rauf Mirqədirov: Sülh müqaviləsinin qüvvəyə minməsi prosesi sual altındadır

Vaşinqtonda imzalanmış bəyannamə Moskva Bəyannaməsi ilə eyni aqibəti yaşaya bilər. Bu barədə tanınmış jurnalist və siyasi şərhçi Rauf Mirqədirov bildirib.

Rauf Mirqədirov Meydan TV-yə açıqlamasında deyib ki, sülh müqaviləsinin hüquqi qüvvəyə minməsi prosesi sual altındadır: “Çünki imzalanmış sazişin hüquqi baxımdan qüvvəyə minməsi – yəni ratifikasiyası üçün Ermənistanda referendum keçirilməli və Konstitusiyaya dəyişiklik edilməlidir. Ermənistanda isə referendumun 2027-ci ildə keçirilməsi gözlənilir. İki ilə də Ermənistanda hansı siyasi vəziyyətin olacağını və yaxud da üç aydan, 15-20 gündən sonra regionda əhval-ruhiyyənin necə olacağını dəqiq demək çox çətindir. Trampla və Putinin avqustun 15-dəki görüşü də xüsusilə nəzərə alınmalıdır”.

Siyasi şərhçi nümunə üçün 2020-ci ildə baş verən 44 günlük müharibəni və daha sonra Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycanla Ermənistan arasında imzalanan bəyanatı xatıladır: “Həmin bəyanatda “Zəngəzur dəhlizi” adlandırdığımız yol da vardı və Rusiyanın nəzarəti altında olması nəzərdə tutulurdu. Bu gün həmin sənəd heç kimə lazım olmayan bir kağız parçasıdır və heç kim yadına salmır. İndi isə Trampın iştirakı ilə bəyannamə imzalayıblar. Adını da “Tramp yolu” qoyublar. Görürsünüz də, hadisələr necə sürətlə dəyişir”.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflanıb.

ABŞ ilə birgə imzalanan üçtərəfli bəyannamədə Naxçıvanla maneəsiz əlaqənin yaradılacağı, eyni zamanda, Ermənistanın suverenliyinin, ərazi bütövlüyünün qorunacağı təminatı verilib.