Əliyev Əl-Ərəbiyyə müxbirinin sualına sərrast cavab vermədi - AKTUAL
“Mən mənfi ssenari haqqında düşünmək istəmirəm!”
Azərbaycan Respublikasının prezidenti Əl-Ərəbiyyə televiziyası ilə müsahibədə Rusiyanın Azərbaycanla bağlı mümkün hərəkətlərini şərh etmək istəməyib.
Bu məlumata əsasən müsahibədə müxbir “Rusiyanın hər hansı bir hərəkətə əl atacağından qorxmursunuz?” sualını prezident İlham Əliyev belə cavablandırıb: “Onların Ermənistanda hərbi bazası və bir neçə min nəfərdən ibarət hərbi heyəti var. Eyni zamanda, Ermənistanın İran və Türkiyə ilə sərhədi Rusiya sərhədçiləri tərəfindən qorunur. Azərbaycan torpağında bir nəfər də rus əsgəri yoxdur. Beləliklə, Ermənistanda nə baş verə bilər, mən bunu bilmirəm. Lakin mən bu mənfi ssenari haqqında düşünmək istəmirəm”.
Media araşdırmalarına görə, Əl-Ərəbiyyənin müxbiri mahiyyətcə belə bir narahatlıq səsləndirib ki, Azərbaycanın atdığı addımlar – xüsusilə regiondakı kommunikasiya dəhlizləri, sərhəd siyasəti və ümumi strateji planları Rusiyanın maraqları ilə toqquşa bilər. Əliyev isə sərrast cavab vermək yerinə, dərhal diqqəti Ermənistandakı rus hərbi mövcudluğuna yönəldib. Dolayısı ilə auditoriyaya çatdırmaq istəyib ki, Rusiyanın təsir rıçaqları Azərbaycanda işləmir. Və bununla da insanlarda Rusiyanın hərbi müdaxiləsinin mümkünlüyü barədə qorxuları aradan qaldırmaq, Rusiyanın Azərbaycana hərbi müdaxiləsi ehtimalını uzaq göstərmək istəyib.
Prezident Əliyevin sözlərində Qərb auditoriyasına da belə bir mesaj vardır ki, Azərbaycan Ermənistandan fərqli olaraq Moskvanın orbitində deyil və ölkəsinin müstəqil siyasət yürütdüyünü onların diqqətinə çatdırıb.