Azərbaycanın adı daha bir korrupsiyada hallanır
Vasif Talıbovun oğlu Gürcüstanda milyonluq əmlaklar alıb
Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu, hazırda Azərbaycanın miqrasiya xidmətində məmur olan Rza Talıbov Gürcüstanda lüks otel və yeni torpaq sahəsi alıb.
Bu barədə Cam-Nyus Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Mübarizə Layihəsinə (OCCRP) istinadla məlumat yayıb.Qeyd edək ki, bu layihə 2006-cı ildə qurulan və Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya və Mərkəzi Amerikada fəaliyyət göstərən araşdırma mərkəzləri, media və jurnalistlərin konsorsiumudur. Qurum Azərbaycanda bloklanıb.İstintaqın məlumatına görə, 43 yaşlı Rza Talıbov bu ilin mayında Batumidə London 1889 otelini 8,6 milyon dollara alıb. O, iyul ayında da Batumi yaxınlığındakı Maxinjauri sahil qəsəbəsində 2000 kvadratmetr dənizkənarı torpaq sahəsini 730 min dollara alıb.Jurnalistlər bildirirlər ki, Talıbov Gürcüstanda çoxmilyonluq biznes əməliyyatlarını idarə edərkən yüksək dövlət vəzifəsində çalışır. Azərbaycan qanunvericiliyinə görə, dövlət məmurları şirkətlərdə səhmlərə sahib ola bilər, lakin illik gəlir və əmlak bəyannaməsini təqdim etməlidirlər. Talıbovun belə bir bəyannamə təqdim edib-etmədiyi açıqlanmayıb.OCCRP-nin əvvəlki araşdırmaları müəyyən edib ki, Talıbovlar ailəsi Gürcüstan və Birləşmiş Ərəb Əmirliklərində ümumilikdə 63 milyon dollar dəyərində mülkə malikdir. Beynəlxalq media Naxçıvanı tez-tez “Azərbaycanın Şimali Koreyası” adlandırır.Talıbov istefa verdikdən sonra Naxçıvanın bir neçə sabiq məmurunun məhkəmədəki ifadəsində ailənin uzun illər qeyri-rəsmi gəlir əldə etdiyi məlum olub. Məsələn sabiq maliyyə naziri Rafael Əliyev məhkəmədə 3 milyon manatı Vasif Talıbovun oğlu Seymur Talıbova şəxsən verdiyini etiraf edib.Rəsmi Bakı korrupsiyaya qarşı mübarizə apardığını iddia edir, halbuki korrupsiya faktlarını araşdıran bir neçə müstəqil jurnalist, o cümlədən Abzas Media-nın əməkdaşları hazırda həbsdədir.