Sen 28, 2025 14:07 Asia/Baku
  • Cəmil Həsənli: İşsizlik 5 faiz yox, 40 faizin üzərindədir! - AKTUAL

Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib. Onun söylədiyi bəzi fikirlər birmənalı qarşılanmır.

Dövlət başçısı öz çıxışında daxili iqtisadiyyatla bağlı olaraq, yoxsulluq və işsizlik səviyyəsinin təxminən 5 % olduğunu bildirib, qeyri-neft sektorunun gücləndirildiyini qeyd edib və iqtisadiyyatın sürətlə inkişaf etməsindən danışıb.

Lakin prezidentin iqtisadi inkişafla bağlı söylədiyi fikirlər birmənalı qarşılanmır. Müxalifətin Milli Şurasının sədri Cəmil Həsənli bu barədə Facebook üzərindən paylaşdığı məqaləsində bildirib: “2005-2006-cı illərdə saxta rəqəmlər uydurub yoxsulluğu və işsizliyi 5 faizə salıblar. Üzərindən 20 il keçir, bu 5 faiz nə artır, nə də azalır. İlham Əliyevin dediyinin əksinə olaraq Azərbaycan ağır sosial iqtisadi böhran içərisindədir. İşsizlik 40 faizin üzərindədir. Yoxsulluğun həddi daha böyükdür. Azərbaycan kütləvi yoxsullar ölkəsinə çüvrilib. Bakıdan kənar həyat yoxdur. Digər tərəfdən Azərbaycanda bu ilin 8 ayında Ümumi Daxili Məhsul (ÜDM) göstəricisində artım cəmi 0,9% olub. Bu, Cənubi Qafqazda ən aşağı göstərcidir”.

Cəmil Həsənli həmçinin ölkədə mövcud olan başqa problemlərə də diqqət çəkib: “6 ilə yaxındır ölkənin quru sərhədlərin yalançı pandemiya adı ilə qapadıb adını da qoymusunuz sabitlik. Azərbaycanı cərimə və rüsum dövlətinə çevirmisiniz. Qeyri-neft sektoru yarada bilmədiniz. Büdcəni vətəndaşın boş olan cibi hesabına doldurmaq istəyirsiniz. Vətəndaşı cərimələmək üçün hökumət orqanları min bir oyundan çıxır”, - deyə Milli Şuranın sədri vurğulayıb.