Azərbaycanlı ekspertlər ABŞ prezidentinin mükafatsız qalmasından yazırlar
Trampın mükafat ehtirası onu lağ obyektinə çevirib
Azərbaycanlı ekspertlər ABŞ prezidentinin mükafatsız qalmasına dair geniş şərhlərlə çıxış edirlər.
Bakı Xəbər qəzetinin baş redaktoru Aydın Quliyev yazır: “Əslində Tramp Nobel Sülh mükafatına heç layiq deyildi. Necə layiq ola bilər?! 7 müharibəyə son verməsi (?) ilə addımbaşı fəxr etdiyi halda, dünyanın gözü qarşısında təcavüz və genosid törədən bir dövləti "tovlayıb atıb dalına", həqiqəti söyləyən bir ölkə prezidentinə BMT- nin 80- ci sessiyasında iştirak üçün viza vermədi, təcavüz qurbanı olmaqda davam edən Fələstinin liderini viza vermədiyi üçün BMT sessiyasında videoformat üsulu ilə iştiraka məcbur etdi, təcavüzkar İsrailə silah embarqosu qoymuş ölkəni "NATO- dan qovmaqla hədələdi, "mənə Nobel mükafatı verilməsə, bu ABŞ üçün təhqir olacaq " deyə ölkəsinin gücü ilə dünyanı yersiz yerə hədələdi”.
Politoloq Elxan Şahinoğlu isə Facebook üzərindən paylaşdığı yazıda bildirir: “ABŞ prezidenti Donald Trampın Nobel sülh müküfatına iddiasını anlamaq çətindir. Bəlkə də Nobel Komitəsinin tarixində belə hal olmayıb ki, kimsə özü Nobel mükafatı almaq üçün il ərzində "mükafat mənə verilməlidir" kimi davamlı açıqlamalar versin”.
Tanınmış iqtisadçı alim Əkrəm Həsənov da maraqlı paylaşım edib: “Trampa Nobel mükafatını vermədilər. Haram olsun Nobellərə Bakı nefti. Qocanın könlünü indi necə alacaq dünya?”.