Okt 15, 2025 15:22 Asia/Baku
  • Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib - Reaksiyalar

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul etməsi Azərbaycanın gündəmini dəyişdi. Bunun ardınca reaksiyaların ardı-arası kəsilmir.

Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahid: “Rəsmi ittihamın nədən ibarət olması önəmli deyil, bütün hallarda, bu həbsin gerçək səbəblərini gizli saxlamağa çalışacaqlar…Mehdiyev, əlbəttə, ölkənin nəhəng korrupsionerlərindən biridir, böyük bir korrupsiya şəbəkəsinin lideri olub. Nahaq yerə uzun müddət ərzində Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının rəhbəri olmayıb ki?! Və çox maraqlıdır ki, bu zamana qədər sərvətləri- pulları əllərindən alınmayan böyük bir korrupsiya bandası hələ də dincəlirdi”.

Xural qəzetinin baş redaktoru Əvəz Zeynallı: “Ramiz Mehdiyev öz komandası və Azərbaycan müstəqil mediasını ağlar günə qoyan xas adamı Əli Həsənovla birlikdə mənim ömrümü tərsinə yazan adamdır…Nə demişlər? Kimsə yaşatdıqlarını yaşamadan ölməz… Necə deyərlər, Allah bir gün mıxı mismar edir, görürsənmi?”.

Jurnalist Bəhruz Əliyev: “Azərbaycan siyasi tarixinin ən ironik səhnələrindən biri yaşanır: Paradoks ondadır ki, Mehdiyev təxminən 25 il ərzində ata və oğul Əliyevlər hakimiyyətinin qurulması və möhkəmləndirilməsində birinci dərəcəli rol oynamışdı… Əgər “xəyanət” anlayışı Mehdiyevin üzərinə düşürsə, deməli, bu sistemin memarları ondan daha az məsuliyyət daşımırlar”.

Müxalifət qəzetinin baş redaktoru Rövşən Kəbirli: “Boz kardinal ləqəbli Ramiz Mehdiyev haqqında bu çevriliş söhbəti həqiqətdirsə, yaşını da nəzərə alsaq birmənalı deyə bilərik ki, Mehdiyev özü üçün deyil, başqası üçün çalışırmış”.

Dini fəal Cavid Cabbarlı: “Mehdiyev dövlətə xəyanət, hakimiyyəti ələ keçirmək və sair maddələrlə ittiham edilir. Təbii ki, bu, sıradan bir həbs deyil. Azərbaycan hakimiyyəti ölkənin düşdüyü vəziyyəti Ramiz Mehdiyevin ayağına yazmaq istəyir”.

Vəkil Aslan İsmayılov: “Mənim və məni kimi minlərlə bu Vətənə xidmət edənlərin həyatını cəhənnəmə çevirən bu şəxsə bu gün ancaq can sağlığı arzulayıram ki, o özü kimilərin, ona qulluq edənlərin hamısının adını deyə bilsin, illərlə bu Xalqın çörəyini yeyib ona da düşmənçilik edənlərin hamısını Xalq tanısın. İnanın ki, onların sırasında çoxlarının ağıllarına gətirmədiyi şəxslər olacaq”. 

Qeyd edək ki, məhkəmənin qərarı ilə Ramiz Mehdiyev ağır cinayət əməllərinə görə 4 ay müddətinə ev dustaqlığına məhkum edilib.

Ramiz Mehdiyev 1995-2019-cu illərdə  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, 2019-2022-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub.