Dek 09, 2025 16:46 Asia/Baku
  • Bakı niyə hərbi kontingent göndərməyə tələsmir? – TƏHLİL

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iranlı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında verdiyi açıqlama rəsmi Bakının Qəzzəyə potensial hərbi kontingent göndərilməsi məsələsində son dərəcə ehtiyatlı mövqe tutduğunu bir daha göstərdi.

Ceyhun Bayramov bildirib ki, Azərbaycan hərbçilərinin Qəzzədə iştirakı ilə bağlı yekun qərar yoxdur və bu, təsadüfi deyil: məsələnin həm hüquqi, həm siyasi, həm də geosiyasi aspektləri Bakının qərar verməsini çətinləşdirir və Bakı beynəlxalq hüquqi çərçivədən kənara çıxmır.

Bayramovun “mandat və digər dövlətlər” barədə qeydi göstərir ki, Azərbaycan yalnız aydın beynəlxalq hüquqi baza olduqda addım atmağa hazırdır. Bu baza əsasən iki mənbədən gələ bilər: BMT Təhlükəsizlik Şurasının qəraı və ABŞ-ın təqdim etdiyi sülh planının konkret mexanizmləri.

Hazırda isə hər iki istiqamətdə qeyri-müəyyənlik mövcuddur.

Bu arada İranın XİN rəhbəri Seyid Abbas Əraqçinin “heç bir plan Fələstin xalqını öz suveren hüququndan məhrum etməməlidir” ifadəsi Tehran üçün qırmızı xətti göstərir. İran Qəzzədə atılacaq istənilən addımın sionist İsraillə əməkdaşlıq və Qərbin planlarına ortaq olmaq kimi görünməsini istəmir.

Belə təəssürat yaranır ki, Azərbaycan son aylarda Tehran-Bakı münasibətlərinin normallaşması fonunda yeni gərginlik riskinə tərəf getmək istəməzdi. Ona görə də Bakı ehtiyatlı strategiya seçib və Azərbaycanın “hələlik yekun qərar yoxdur” deməsi əslində bir siyasi siqnaldır:

Hazırkı mərhələdə görünən odur ki, Azərbaycan Qəzzə missiyasında fasilə götürür və prosesin yekun beynəlxalq konturları bəlli olmayana qədər qərar verməyə tələsmir.