Sionist ravvin Azərbaycanın ümummilli liderini işğalçı rejimin qatil qurucusuna bənzətdi
Heydər Əliyev Azərbaycanın “Ben-Qurion”udur - AKTUAL
Amerikalı ravvin noyabr ayı Sionist Ravvinlər Koalisiyası çərçivəsində Azərbaycan Respublikasına səfərinin təəssüratını mediada yayarkən mərhum prezident Heydər Əliyevi təhqir edib.
Ravvin Samuel M. Cohon Jewish Post (Cüviş Post) nəşrində dərc olunan məqalədə yazır: “Azərbaycanda dörd möhtəşəm gün keçirdik. Səfər öncəsi Azərbaycana niyə gedəcəyimi soruşduqda, insanların ən çox verdiyi sual "Niyə ora gedirsən?" olurdu. İkincisi isə "Azərbaycan haradadır?" Mən də əvvəllər Azərbaycanın yerini və Yəhudi dünyası üçün niyə maraqlı ola biləcəyini çox bilmirdim. Əslində biz amerikalı ravvinlər turist kimi Azərbaycanda deyildik. Bu şiə ölkəsi təxminən 2700 il əvvəl yaradılmış yəhudi icması ilə fərqlənir. Bizim məqsədimiz, amerikalı sionist ravvinlər adından, İsraillə Azərbaycanın isti və pozitiv əlaqələrini dəstəkləmək, bu ölkə və onun aktiv yəhudi icması haqqında daha çox məlumat almaq idi”.
Məqalədə iddia olunur ki, əhalisinin böyük əksəriyyəti İranla eyni məzhəbə — şiəliyə mənsub olsa da, Azərbaycanın “Deyvid Ben-Qurion”u kimi tanınan Heydər Əliyev Azərbaycan dövlətini dini deyil, dünyəvi əsaslar üzərində təşkil etmişdir.
Fitnəkar ravvin sonra Azərbaycanı bir çox cəhətdən İsrailə bənzədərək yazır: “Azərbaycan son dərəcə çətin bir coğrafiyada yerləşir. Şimaldan Rusiya, cənubdan İran, qərbdən isə uzunmüddətli düşməni Ermənistanla həmsərhəddir; Bu, doğrudan da İsrailin vəziyyətinə bənzər dərəcədə çətin bir mühitdir”.
Məqalənin davamında sionist ravvin Azərbaycanın sərhədləri bağlı saxlamasını düzgün siyasət kimi xarakterizə edib. “Hazırda Azərbaycanın açıq sərhədləri yoxdur. İran mollalarının ölkəyə keçib şiə ekstremizmi ideologiyasını yaymasının qarşısını almaq üçün ciddi tədbirlər görülür. İsrail isə bu sahədə mühüm dəstək verib. Xüsusilə də ortaq düşmən İranla bağlı sıx kəşfiyyat əməkdaşlığı mövcuddur. Rəsmi şəkildə təsdiqlənməsə də, İsrailin İranın raket və nüvə obyektlərinə zərbə endirməsinə imkan verən kəşfiyyat məlumatlarının Azərbaycandan ötürüldüyü barədə şayiələr dolaşır”.
Məqalənin sonunda iddia olunur ki, şiə müsəlman ölkəsi Azərbaycanla dərin yəhudi kimliyinə malik İsrail arasında qurulan münasibət guya Yaxın Şərq üçün real sülh və əməkdaşlıq modeli ola bilər.