ABŞ Azərbaycanın Qəzzəyə hərbi dəstə göndərəcəyini düşünməkdə tələsdimi?
Rəsmi Bakının qərarı sionistlər üçün gözlənilməz olub - AKTUAL
ABŞ Azərbaycan və İndoneziyanı Beynəlxalq Sabitləşdirmə Qüvvəsinə (BSQ) mümkün töhfə verən ölkələr kimi göstərsə də, azərbaycanlı rəsmi Bakının da ərəb ölkələrini bu missiyadan çəkindirən eyni şərtlərə malik olduğunu bildirib.
İşğal olunmuş Fələstində çıxan The Times Of Israel qəzeti yazır: “ABŞ prezidentinə Qəzzə üzrə sülh planının həyata keçirilməsi üçün lazım olan qüvvəyə əsgər cəlb etmək xeyli çətin məsələ olub. Çünki ölkələr Qəzzədə tədricən İsrail qüvvələrini əvəz etməsi nəzərdə tutulan Beynəlxalq Sabitləşdirmə Qüvvəsinə (BSQ) göndərilən əsgərlərin atışmaların ortasında qalacağından ehtiyat edirlər. Xüsusilə də, İsrail anklavdan çıxmayacağını bildirir, HƏMAS isə silahlarını saxlamaqda israrlıdır. Bundan əlavə, ölkələr İsrail adından hərəkət edən tərəf kimi görünməkdən çəkinirlər. Bununla belə İndoneziya və Azərbaycan Vaşinqtonun bu məsələ ilə bağlı təmaslarına kifayət qədər müsbət reaksiya verərək istisna kimi göründülər və ABŞ ümid edirdi ki, onların Qəzzədə iştirakı mümkün olacaq.
The Times of Israel qeyd edir ki, Azərbaycan hələ bu məsələ ilə bağlı açıq mövqe bildirməyib. Bununla belə, yüksək vəzifəli azərbaycanlı rəsmi Hikmət Hacıyev BSQ-də iştiraka dair ehtimalların tez olduğunu bildirib.
“Azərbaycan hələ bu missiyaya qoşulub-qoşulmayacağı ilə bağlı qərar verməyib”, - deyə rəsmi şəxs Doha Forumunun kənarında keçirdiyi brifinqdə söyləyib.
Azərbaycanlı rəsmi onu da bildirib ki, Bakı qüvvənin qısa müddətdə iki dövlətli həllin irəliləməsinə töhfə verəcəyinə əmin olmaq istəyir. Bu tələb, adətən, BSQ-yə qoşulmaqdan imtina edən ərəb dövlətlərindən gözlənilsə də, Azərbaycanın da bu mövqedə olması diqqət çəkir.
Sionist nəşr hesab edir ki, İsrailin iki dövlətli həll üçün daha konkret vaxt cədvəlini rədd edəcəyi gözlənildiyindən, Azərbaycanın bu qüvvəyə qoşulub-qoşulmayacağı daha da sual altına düşür.
Rəsmi onu da əlavə edib ki, Fələstinlilərin durumunu prioritet sayan İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycan onların işinə real töhfə verməyən təşəbbüsə dəstək verən tərəf kimi görünə bilməz.