Ermənistan biznesi Azərbaycan Respublikasında fürsət axtarırmı? - AKTUAL
Şiə ölkəsində erməni arağı boykot olunur
10 milyonluq Azərbaycan bazarının Ermənistan biznesi üçün maraqlı olub-olmaması yenidən gündəmə gəlib. Sosial mediada isə erməni arağına boykot çağırışları artmağa başlayıb.
Ermənistanın ixracat üçün əsas məhsulunun spirtli içkilər olduğundan, erməni biznesmenlər müsəlman ölkəsində bu məhsullara tələbatın olacağına tərəddüdlə yanaşırlar. Məsələn xarici media ilə müsahibədə MAP şərab və konyak zavodunun direktoru Makar Petrosyan bildirib ki, Azərbaycan bazarı erməni konyakçıları üçün həlledici deyil. Onun sözlərinə görə, əsas bazar yenə də Rusiyadır.
Buna qarşılıq, adının açıqlanmasını istəməyən başqa bir konyak istehsalçısı Azərbaycanla ticarəti prinsipial olaraq rədd edib və bunu siyasi səbəblərlə izah edir, bazara ehtiyatla yanaşdığını deyib.
Qeyd edək ki, 30 ildən sonra ilk dəfə Azərbaycan Respublikası Ermənistana 1300 ton benzin ixrac edib. Boykot çağırışlarına baxmayaraq, satışların 4 dəfə artdığı bildirilir.
Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan Azərbaycan benzininin vətəndaşlar üçün sərfəli olduğunu deyib: “Boykot çağırışları var idi, amma növbələr də yaranıb”.
O, sülh prosesinin davam etdiyini, lakin hələ tam yolun keçilmədiyini də vurğulayıb.
Görünən odur ki, siyasi gərginlik qalmasına baxmayaraq, iqtisadi maraqlar artıq reallığa çevrilir. Ancaq xalqların reaksiyası da nəzərə alınmalıdır. Xüsusilə də Azərbaycan tərəfində iş adamları və bəzi iqtisadçıların təşviqlərinə baxmayaraq, Ermənistandan spirtli içkilərin idxalına boykot çağırışları müşahidə olunmağa başlayıb.
Yeri gəlmişkən bildirək ki, əsasən şiə ölkəsi kimi tanınan Azərbaycanda son illər dini inancın çox geniş yayılması ilə spirtli içkilərə meyl xeyli azalıb.