Yan 04, 2026 12:27 Asia/Baku
  • ABŞ-ın Maduronu oğurlaması qlobal hüququ sarsıdır - ŞƏRHLƏR

Azərbaycanlı ekspertlər bildirirlər ki, ABŞ, diplomatik toxunulmazlığı olan bir prezidenti oğurlamaqla BMT və dünya ictimaiyyəti qarşısında ciddi problemlərlə üzləşəcəkdir.

Sabiq diplomat Nahid Cəfərov bildirib: “Daxildə, Epştein qalmaqalı ilə bağlı gündəmi dəyişmək üçün Trampa, xarici siyasətlə bağlı təcili "uğur" hekayəsi lazım idi. Bu uğur hekayəsini Tramp, əslində, Ukrayna - Rusiya müharibəsini Ukraynanı alçatmaq bahasına bitirməklə əldə etməyi düşünürdü. Belə bir şəraitdə Maduro Tramp üçün göydəndüşmə oldu. İndi Trampa yaxın media, səfərbər olaraq, Epştein məsələsini gündəmdən salmağa çalışacaq”.

Siyasi şərhçi Şahin Cəfərli isə Facebook üzərindən paylaşdığı statusda yazır: “Tramp administrasiyası beynəlxalq hüququ faktiki olaraq tanımır. Dekabrda elan olunan ABŞ‐ın yeni milli təhlükəsizlik strategiyası tamamilə siyasi realizm fəlsəfəsinə əsaslanır. Yəni Trampın qlobal vizyonunda idealist dəyərlərin yox, güc faktoru, milli maraq və cari reallıqların üstün sayılması əsas yer tutur. Bu yanaşma ‐ Azərbaycan hakimiyyəti Trampı sevsə də ‐ bizim kimi kiçik ölkələr üçün də qəbulolunmaz və risklidir”.

Tanınmış bloger Asif Şəfəqqətov da bildirib ki, ABŞ-ın Venesuela prezidentini oğurlaması beynəlxalq cinayət və tam qanunsuzluqdur. Diplomatik toxunulmazlığı olan Venesuela prezidentini necə ABŞ məhkəməsinə vermək olar? Tutaq ki, ABŞ və bəzi başqa ölkələr Maduronu prezident kimi tanımırlar, bəs axı yüzdən artıq ölkə, həmçinin BMT onun prezidentliyini tanıyır”.

Bloger hesab edir ki, Maduronun oğurlanması Trampın əsl probleminə çevriləcək. Bu məsələ BMT TŞ-nin iclasına çıxarılacaq və ABŞ beynəlxalq adam oğurluğunda və ya cinayətdə günahlandırılacaq. Məntiqlə Tramp özünü böyük bir zibilə salıb.