Yan 06, 2026 14:58 Asia/Baku
  • İşsizlik 5 faizdir, yoxsa 40 faizin üzərində? – AKTUAL

Prezident İlham Əliyev yanvarın 5-də yerli telekanalların təmsilçiləri ilə müsahibədə işsizlik səviyyəsinin aşağı olduğunu və Azərbaycanda iş tapmağın o qədər də çətin olmadığını vurğulayıb.

Azərbaycan Respublikasınıın dövlət başçısı bildirib ki, ölkədə geniş imkanlar mövcuddur və işsiz kimi qeydiyyatda olanların çoxu artıq iş tapa bilər.

Əliyev dövlətin özünüməşğulluq proqramı ilə yüz minlərlə insana dəstək verdiyini bildirib və bu kimi proqramların işsizliyi aradan qaldırmağa kömək etdiyini vurğulayıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə işsizlik səviyyəsi təxminən 5–5,3 % civarındadır. Həmin rəqəmi Əliyev də bu il BMT-dəki çıxışında da söyləyib, ölkədə yoxsulluq və işsizlik səviyyəsinin təxminən 5 % olduğunu deyib.

Qeyd edək ki, bir çox müstəqil xəbər və sosial media mənbələrində iddia olunur ki, rəsmi statistik işsizliyin real vəziyyəti əks etdirməyə bilər.

Belə ki, rəsmi statistikada yalnız işsiz kimi qeydiyyatda olanlar nəzərə alınır. Faktiki olaraq işsiz qalan, iş tapmayan, qeyri-rəsmi işləyən və ya “gizli işsiz” adlandırılan kateqoriyalar daxil edilmir. Onlar deyirlər ki, Azərbaycanda işsizlik 40 faizin üzərindədir.

Bu arada bəzi ekspertlər də rəsmi 5 %-lik səviyyənin əmək bazarının problemlərini tam əhatə etmədiyini vurğulayırlar. Onlara görə, bu rəqəmlər işsizlikdən yalnız rəsmi qeydə alınmış şəxsləri əks etdirir.

Beləliklə də İlham Əliyevin işsizliklə bağlı fikirləri rəsmi statistika və dövlət proqramlarına uyğun görünür. Lakin cəmiyyət və müstəqil ekspertlər hesab edirlər ki, bu rəqəmlər əmək bazarının bütün problemlərini tam əks etdirmir.