Gideon Saar tanınmayan Somalilandda cövlan etdi
İsrailin separatizm siyahısında Azərbaycan da var - TƏHLİL
İşğalçı İsrail rejimi beynəlxalq hüquqa, BMT prinsiplərinə və dövlətlərin ərazi bütövlüyünə qarşı açıq və həyasız hücumunu növbəti mərhələyə daşıyıb.
Rejimin xarici işlər naziri Gideon Saar çərşənbə axşamı dünya tərəfindən tanınmayan, hüquqi statusu olmayan Somaliland adlı separatçı əraziyə səfər edib. Bu səfər İsrailin həmin bölgəni “müstəqil dövlət” kimi tanımasından sonra həyata keçirilən ilk yüksək səviyyəli rəsmi ziyarətdir və siyasi təxribat aktı xarakteri daşıyır.
İsrail bu addımı atmaqla təkcə Somalinin suverenliyini tapdalamır, eyni zamanda beynəlxalq sistemin qalan qalıqlarına da tüpürür. Beynəlxalq birliyin tanımadığı bir separatçı qurumu legitimləşdirməyə çalışan Təl-Əviv, bir daha sübut edir ki, onun üçün beynəlxalq hüquq yalnız zəiflərə qarşı istifadə olunan alətdir.
Somali hökuməti İsrailin bu addımını birbaşa işğalçı siyasətin tərkib hissəsi kimi qiymətləndirərək kəskin şəkildə pisləyib. Onlarla ölkə və beynəlxalq təşkilat bu qərarı açıq şəkildə qeyri-qanuni və təhlükəli presedent adlandırsa da, İsrail ənənəsinə sadiq qalaraq bütün etirazları saymazyana şəkildə kənara atıb.
Maraqlıdır ki, Gideon Saarın səfər proqramında Qırmızı dəniz sahilində yerləşən Berbera limanına baş çəkmək də olub. Bu liman Yəmənə bir neçə kilometr məsafədə yerləşir və İsrail üçün hərbi-kəşfiyyat baxımından qızıl nöqtə sayılır. Deməli, söhbət nə “xalqın iradəsindən”, nə də “diplomatik münasibətlərdən” gedir – söhbət baza, nəzarət və mühasirə siyasətindən gedir.
Beləliklə də İsrail regionu uzunmüddətli xaosa sürükləyən, separatizmi təşviq edən və dövlətlərin parçalanmasını normallaşdıran təhlükəli bir presedentə imza atdı, separatizmi rəsmi dövlət siyasətinə çevirdi.
Xatırladaq ki, İsrail çoxdandır kürd separatizmini də təşviq edir. 2024-cü ilin may ayında Netanyahunun oğlu Yair instaqramda paylaşdığı “böyük kürdüstan” xəritıəsində Azərbaycan Respublikasının da Laçın rayonunu kürdüstanın bir hissəsi kimi göstərmişdi.