Avq 29, 2017 20:19 Asia/Baku
  • Koreya Yarımadası ətrafında gərginlik yüksəlir
    Koreya Yarımadası ətrafında gərginlik yüksəlir

Şimali Koreyanın 3 gün fasilədən sonra yenidən ballistik raket sınağı keçirməsi və bu dəfə raketin Yaponiyaya doğru atılması Tokionun ciddi narahatlığına səbəb olub.

Şimali Koreyanın atdığı raket bu dəfə Yaponiya üzərindən keçib. Şimali Koreyanın bu gün səhər paytaxt Pxenyanın yaxınlığında yerləşən Sunan məntəqəsindən atdığı ballistik raket Yaponiya üzərindən keçərək, Sakit okean sularına düşüb. Yaponiya bunu hava sərhədlərinin pozulması adlandırıb və bunu cavabsız qoymayacağını bildirib. Amerika isə Şimali Koreyanı yeni sanksiyalar ilə təhdid edib. Amma, Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Koreya Yarımadası ətrafında cərəyan edən böhranın sadəcə diplomatik yolla həll ediləsi olduğunu bildirib. BMT-nin Təhlükəsizlik Şurası da bu gün fövqəladə iclas təşkil etməlidir.

Şimali Koreya bu gün də yeni bir ballistik raket sınağı həyata keçirib. Bu dəfə raket Yaponiya istiqamətinə atılıb. Bu raket Yaponiya üzərindən keçərək, Hokkaydo adası yaxınlığında, Sakit okeanı sularına düşüb. 2700 kilometrlik bir uçuş trayektoriyasına malik olan bu raket Yaponiyanın şimal sakinlərinin narahatlığına səbəb olub. Yaponiya ordusu raketi vurmağa cəhd göstərməsə də, əhalidən sığınacaqlara getmələri istənildi. Yaponiya bunu misilsiz təhdid adlandıraraq, BMT Təhlükəsizlik Şurasının dərhal fövqəladə iclas keçirməsini istədi.

 

Yaponiyanın baş naziri Şinzo Abe deyir: "Raketin Yaponiya üzərindən uçub keçməsi ən ciddi təhdid sayılır. Biz öz etirazımızı ən ciddi formada  Pxenyanın diqqətinə çatdırmışıq və xalqımızın təhlükəsizliyini təmin etmək üçün də lazım olan bütün tədbirləri həyata keçirəcəyik."

 

Pxenyan və Vaşinqton arasında gərginliyin yüksəlməsinin ardınca Tramp Şimali Koreyanın ABŞ-a hörmət etməyə başladığını demişdi. Halbuki, Pxenyan öz raket fəaliyyətlərini daha da intensivləşdirib.

 

Elə buna görə də Cənubi Koreya televiziyasının aparıcısı baş verənlərə görə Trampın öz sözlərinə düzəliş etməli olduğunu bildirib: "Baş verənlərin ardınca ABŞ öz nəzərinə düzəliş etməlidir."

 

Bu arada Amerika və Cənubi Koreya arasındakı birgə hərbi manevr artıq iki həftədir ki, davam edir. Şimali Koreya isə bu hərbi manevrə etiraz olaraq BMT-nin Təhlükəsizlik Şurasına şikayət edib.

 

Siyasi analitik Kuil Çunq isə ABŞ-ı Şimali Koreyanı qıcıqlandırmaqda ittiham edib və deyib: "ABŞ-ın regiondakı hərbi manevri müdafiə məqsədli deyil və sadəcə gərginliyin artmasına xidmət edir. Aydın məsələdir ki, Şimali Koreya bunun qarşısında sakit dayanmayacaq."

 

ABŞ dövlət katibi isə Şimali Koreya ilə bağlı böhran üçün diplomatik həll yolunun tapılması üzrə səyləri davam etdirəcəyini bildirib.

 

Teqlər