Müsəlmanların qayıtmaları üçün Myanma təhlükəsiz deyil
Hüquq müdafiə qrupları rohinca didərginlərinin Myanmaya qayıtmaları üçün əlverişli şəraitin olmadığını bildirirlər.
Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, Banqladeş və Myanma rohinca didərginlərinin Myanmaya qayıtmaları üçün lazımı tədbirləri həyata keçirməyə hazır olduqlarını bildirmiş olsalar da, bir çoxları belə qənaətdədir ki, didərginlərin qayıtması üçün təhlükəsizlik şərait əlverişli deyil. Hətta BMT və humanitar təşkilatlar Banqladeş və Myanma arasında didərginlərin qaytarılması barədə əldə olunan razılaşmanı gülünc və əbəs hesab edirlər. Son aylar ərzində 650 mindən çox rohinca müsəlmanı Myanmadan qaçaraq Banqladeşə sığınıb. Hüquq müdafiə qruplarına görə Myanma ordusu avqustda repressiyaların növbəti mərhələsinin ilk ayında 7 min rohinca qadın, kişi və uşağı qırğın ediblər. Didərginlərin çoxu artıq Myanmaya qayıtmaq istəmir. Ona görə ki, canlarından qorxurlar və həm də Myanma ordusu onların evlərini yandırmışdır.
Rohinca didərgini Təslimə Bəyim deyib: Biz oraya qayıtmayacağıq, ona görə ki, orada şərait əlverişli deyil, bizə qarşı qəddarlıq nümayiş etdiriblər, bizim var-yoxumuzu, əkin məhsullarımızı, heyvanlarımızı bizdən alıblar. Biz belə bir şəraitdə oraya qayıtmaqdansa, burada qalmağı tərcih edirik.
Problem ondan ibarətdir ki, minlərlə didərgin Myanmada yaşadığını sübut etmək üçün heç bir sənədə malik deyil. Başqa problem isə budur ki, Myanma dövləti 1982-ci ildə onların vətəndaşlığını ləğv edib və onları Myanma vətəndaşlığı hüququndan məhrum edib.
Birləşmiş Millətlər Təşkilatının Didərginlər üzrə Baş Komisarlığının sözçüsü Məhəmməd Əbu-Əkasir deyib: Hələlik didərginlərin qayıtmaları üçün Myanmada durum əlverişli deyil, minlərlə didərgin mənəvi ziyanlara məruz qalıb və onların psixoloji və sosioloji yardımlara ehtiyacları var.
Beynəlxalq ictimaiyyət bildirir ki, Myanma hökuməti rohinca müsəlmanlarına qarşı etnik təmizləmə əməliyyatı həyata keçirib. Onlar rohinca müsəlmanlarının Myanmaya qayıtmalarından sonra onların təhlükəsizliyinə kimin təminat verəcəyini soruşurlar. Həm də onlar vətəndaşlığa malik olmadıqda Myanmaya necə qayıda bilərlər. Elə bu reallığın özü on illər boyudur onları Myanma ordusu və buddistlər qarşısında kövrək vəziyyətdə qoymuşdur.