Tramp vətəndaşlara qarşı casusluq qanunun müddətini uzatdı
ABŞ prezidenti məhkəmə qərarı olmadan vətəndaşların virtual aləmdəki fəaliyyətlərinin və şəxsi məlumatlarının izlənilməsinə imkan verən "Xarici İnformasiyalara Nəzarət Qanunu"nun müddətinin uzadılması qərarını imzalayıb.
Amerikada Xarici İnformasiyalara Nəzarət Qanunu bundan öncə cüzi dəyişiklik ilə ABŞ-ın Nümayəndələr Məclisi və Senatında təsdiq edilmişdi. Trampın cümə günü bu qanun layihəsini imzalaması ilə, "Xarici İnformasiyalara Nəzarət Qanunu" daha 6 il üçün qüvvədə qalacaq.
Dünyanın əksər elektron əlaqələrinin əsas qovuşağının Amerika olmasına və bütün informasiyaların bu ölkədən keçərək, ünvanına çatmasına görə, ABŞ-ın təhlükəsizlik orqanları bu qanuna istinadla məhkəmə qərarı olmadan Google kimi dünyanın iri internet şirkətlərinin sistemlərinə giriş əldə edə və internet istifadəçilərinin məlumatlarını izləyə bilərlər.
Bu proses PRİSM layihəsi əsasında həyata keçir. İlk dəfə olaraq ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin sabiq əməkdaşı Edvard Snovden bu məsələni Qardiyan və Vaşinqton Post qəzetlərinin köməyi ilə ifşa edib.
ABŞ rəsmiləri bu sistemin sadəcə xarici ölkə vətəndaşlarının elektron informasiyalarına nəzarət üçün olduğunu iddia etsələr də, analitiklər və medialar bu təhlükəsizlik layihəsinin bütün internet istifadəçiləri o cümlədən ABŞ vətəndaşlarının şəxsi məlumatlarını izləmək üçün olduğunu deyirlər.