ABŞ polisi təslim olmaq istəyən gənci güllələdi
ABŞ polisinin iddialarının əksinə, bu yaxınlarda yayımlanan video bir gəncin təslim olma əlaməti olaraq, əllərini qaldırarkən polis tərəfindən vurulduğunu göstərir.
SəhərAzəriDəyərlər.org-yə istinadən xəbər verir ki, psixi problemi olan 19 yaşlı sözügedən gəncin ailəsi, Pensilvaniya polisi tərəfindən müdafiəsiz halda vurulduqdan sonra ölməsini göstərən yeni video yayımlandıqdan sonra buna cavab verilməsini tələb edir.
Bu video mülki hüquqlar üzrə vəkil Benjamin Kremp tərəfindən paylaşılıb. O, keçən il Minnesota ştatında Minneapolisdə bir polis məmuru tərəfindən boğularaq öldürülən, ABŞ-da və dünyada ümummilli etirazlara səbəb olan afroamerikalı Corc Floyd ailəsinin hüquqşunasıdır.
Yahoo News xəbər verir ki, Kristian Hall 30 dekabrda Pensilvaniya ştatının Hamilton şəhərindəki bir körpüdə polisin açdığı atəş nəticəsində öldürülüb. Polis əsəbi bir adamın olması barədə məlumat aldıqdan sonra oraya getdiyini bildirib.
Kristianın xəstəxanada öldükdən sonra polis onun odlu silahının olduğunu açıqlamışdı. Polis zabitlərinin əmrindən sonra silahını yerə atsa da, amma əməkdaşlıq etmədiyini və silahı yenidən götürərkən polisin atəş etmək məcburiyyətində qaldığı bildirilmişdi.
Ancaq paylaşılan yeni videoda Kristianın əllərini qaldırarkən polis tərəfindən vurulduğu açıq aşkar ortaya çıxdı.
Kristianın anası övladının köməyə ehtiyacının olduğunu söyləyib. “Kömək axtarırdı, ancaq kömək almaq əvəzinə ona kömək etməli olanlar tərəfindən vuruldu”, - deyə anası bildirib.
Gənc oğlanın ailəsi və vəkilləri Pensilvaniya Baş Prokurorluğundan hadisəni araşdırmağı xahiş ediblər. Bununla birlikdə, onun qətlində iştirak edən polis məmurları bu yaxınlarda işlərinə qayıdıblar və Baş Prokurorluq hadisəni araşdırmaq üçün bir tələb almadıqlarını söyləyib.