İyul 31, 2022 10:06 Asia/Baku
  • Ukrayna və Rusiya bir-birini ittiham edir

İyulun 29-da Ukraynanın Donetsk vilayətində 120 saylı islah koloniyası partladılıb. Nəticədə Ukraynanın “Azov” alayının əsir düşən 50 döyüşçüsü həlak olub, 75 nəfər yaralanıb. Rusiya və Ukrayna baş verənlərə görə bir-birini günahlandırır.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Müdafiə Nazirliyinin mövqeyinə görə, Ukrayna Silahlı Qüvvələri HIMARS reaktiv yaylım atəş sistemləri ilə həbsxanaya zərbələr endirib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə ittihamları rədd edərək bildirib ki, Rusiya tərəfi işgəncə və edamları ört-basdır etmək məqsədilə hərbi əsirləri öldürüb.

May ayında Ukraynanın Mariupol şəhərinin Rusiya tərəfindən tam işğalından sonra ukraynalı 211 hərbçi məhz həmin koloniyaya göndərilib və Rusiya tərəfi ukraynalı döyüşçülərə qarşı hərbi tribunalın hazırladığını açıqlayıb.

Koloniya dəhşətli hadisə baş verən zamanı orada ukraynalı hərbi əsirlər, o cümlədən “Azov” alayının hərbçiləri saxlanılırmış.

Bu arada, hadisə yerinə gələn “Reuters” müxbirləri qeyd ediblər ki, raketlərin parçaları skamyaya düzülüb və onların haradan yığıldığını müəyyən etmək mümkün olmayıb.

Bununla belə Ukrayna Təhlükəsizlik Xidməti separatçıların telefon danışıqlarını ələ keçirib. Danışıqlara əsasən, Rusiya hərbçiləri Olenivkada bomba yerləşdirmiş ola bilərdi.

Bundan əlavə, Ukrayna Baş Kəşfiyyat İdarəsi həbsxananın qəsdən dağıdılmasının Rusiya dəstəkli “Vaqner” özəl hərbi şirkətinin muzdluları tərəfindən həyata keçirildiyini açıqlayıb.

Qətliamdan sonra Kiyev müxtəlif rəsmi səviyyələrdə beynəlxalq ictimaiyyəti Rusiyanı terrorçu dövlət kimi tanımağa çağırıb.

 

Teqlər