Zaxarova ABŞ-a xəbərdarlıq etdi
Rusiyanın "terrorun sponsor ölkəsi” kimi elan edilməsi cavabsız qalmayacaq
Rusiya ABŞ-da "terrorun sponsor ölkəsi” elan olunarsa, ölkələr arasında münasibətlər tamamilə bitə bilər.
SəhərAzəri-nin məlumatına əsasən, bunu Rusiya XİN nümayəndəsi Mariya Zaxarova deyib.
O qeyd edib: “Biz bu barədə danışdıq və təkcə şifahi deyil, həm də bu şərhləri yazılı şəkildə yerləşdirdik və hətta ingilis dilinə tərcümə etdik. Hər şey dəfələrlə bəyan edilib”.
Zaxarova əlavə edib ki, Moskva Vaşinqtonun bunu başa düşdüyünə ümid edir.
Qeyd edək ki, analoji xəbərdarlığı ötən gün Rusiya XİN rəsmisi Aleksandr Darçiyev də səsləndirmişdi.
Darçiyevin fikrincə, dövlətlər tərəfindən sağlam düşüncənin təzahürü normal münasibətlərə qayıtmaq üçün şərtdir.
"Əgər Vaşinqton dəyişmiş geosiyasi mənzərəni ayıq-sayıq qiymətləndirsə, sözdə deyil, əməldə Rusiyanın milli maraqlarına hörmət etmək istəyini ifadə etsə, onda təməl yaranacaq", deyə XİN rəsmisi bildirib.
Bir müddət öncə Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin üzvü Sergey Tsekov bildirib ki, Rusiya ilə ABŞ arasında diplomatik münasibətlərin kəsilməsi ölkələr arasında silahlı toqquşmanın nəticəsində baş verə bilər.