Sen 27, 2022 13:30 Asia/Baku
  • Avropada quraqlıq 2050-ci ilə qədər davam edəcək

Avropa parlamentinin "Ətraf Mühit, İctimai Sağlamlıq və Qida Təhlükəsizliyi" Komitəsi bildirib ki, 2050-ci ilə qədər qitədəki şiddətli quraqlıq normaya çevrilə bilər.

SəhərAzəri-nin məlumatına əsasən, bu gün iqlim dəyişikliyi və qlobal istiləşmə dünyanın bütün ölkələrinə təsir edən ən mühüm ekoloji problemlərdən birinə çevrilib və bu dəyişikliklərlə mübarizə qlobal tədbirlər tələb edir.

Avropa Quraqlıq Rəsədxanasının eksperti olan Andrea Toreti Avropa Parlamentinin Ətraf Mühit, İctimai Sağlamlıq və Qida Təhlükəsizliyi Komitəsinin üzvlərinə deyib ki, agentliyin qiymətləndirməsinə görə, effektiv yumşaldıcı tədbirlər görülməsə, Avropanın son yayda məruz qaldığı ekstremal hadisələr 2050-ci ilə qədər normaya çevrilə bilər.

O, deyib: "Avropanın hazırda yaşadığı quraqlıq son 500 ildə düçar olduğu ən pis quraqlıqdır və hesablamalara görə, hazırda qitə ərazisinin 64 faizi müxtəlif dərəcələrdə olsa da quraqlıq şəraitindədir".

Toreti xatırladıb ki, yağıntıların kəskin şəkildə azalması səbəbindən Reyn və Dunay da daxil olmaqla, əsas çaylarda nəqliyyat aşağı su səviyyəsinə görə yayda pozulmuşdu və bu problem su elektrik stansiyalarına və atom elektrik stansiyalarına da təsir etmişdir.

Onun uyğunlaşma və yumşaldıcı tədbirlərin sürətləndirilməsi ilə bağlı çağırışlarını Avropa Ətraf Mühit Agentliyinin icraçı direktoru Hans Bruyninckx təkrarlayıb.

O, həmçinin xəbərdarlıq edib ki, iqlim dəyişikliyi Avropanın qida sistemi üçün problemdir. 

Avropanın Böhranların İdarə Edilməsi üzrə Komissarı Yanez Lenarçiç, Avropa Parlamentinin Ətraf Mühit, İctimai Sağlamlıq və Qida Təhlükəsizliyi Komitəsinin üzvlərinə daha bir sərt xəbərdarlıq edərək, "Avropanın artıq meşə yanğınları ilə mübarizə aparmaq üçün kifayət qədər resursunun olmadığını" söyləyib.

Bu meşə yanğınları mövsümündə Avropa İttifaqının 750 min hektardan çox meşə sahəsi yandı ki, bu da rekordların başladığı 2006-cı ildən bəri müşahidə edilən ən yüksək göstəricidir.

Teqlər