Rusiya-İran tranzit əlaqələri regionu gücləndirir
Rusiyanın Komi bölgəsindən Azərbaycana, buradan isə İrana hərəkət edəcək ilk müntəzəm ekspress göndərilib. Rusiya mətbuatı xəbər verir ki, qatarla əsasən bölgədəki 10 ağac emalı müəssisəsinin məhsulları daşınır. Bu, xüsusilə kiçik və orta biznes üçün əlverişlidir.
Yeni xidmətin işə salınması xüsusən uzun məsafələrə çatdırılma zamanı nəqliyyat xərclərini azaltmağa imkan verəcək. Bu il ayda bir dəfə belə qatarın göndərilməsi planlaşdırılır.
Bununla yanaşı Rusiya Baş nazirinin müavini Marat Xusnullin Rusiyada keçirilən "Ümumdünya Gənclər Festivalı-2024" tədbirində çıxışı zamanı Rusiya-İran tranzit əlaqələrinə də işarə edib.
“Biz Xəzər dənizi, Azərbaycan, İran vasitəsilə, Süveyş kanalından, Bosfor boğazından yan keçməklə Hind okeanına çıxış əldə etmək istəyirik. Bu o deməkdir ki, bu, bizim üçün nəqliyyat baxımından strateji vəzifədir. Təbii ki, biz bu istiqamətdə həm avtomobil, həm də dəmir yolları çəkirik”, - o qeyd edib.
Qeyd edək ki, "Şimal-Cənub" əsasən Hindistandan və İran Körfəzi regionundan yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb. Bu dəhliz (avtomobil və dəmir yolu) Rusiya, Azərbaycan və İranı birləşdirir. Bu dəhlizdə çatışmayan yeganə halqa İran ərazisində Rəşt-Astara dəmir yolu hissəsidir.