Okt 28, 2015 10:31 Asia/Baku
  • Gürcüstandan Moskvaya xəbərdarlıq
    Gürcüstandan Moskvaya xəbərdarlıq

Gürcüstanın baş naziri Rusiyaya xəbərdarlıq edərək, bu ölkə ərazisinin işğal edilməsi ilə barışmayacağını bildirib.

İrakli Qaribaşvili Tiflisdə jurnalistlər qarşısında deyib: Gürcüstanın ərazi bütövlüyünü qorumaq üçün məntiqli və strateji siyasətlərdən istifadə etməlidir.
Gürcüstanın baş naziri bu sözləri qondarma Cənubi Osetiya Respublikası prezidenti Leonid Tibilovun bu ərazinin Rusiyaya birləşdirilməsi barədə qərarını açıqlamasının və bu məqsədlə referendumun keçiriləcəyini elan etməsinin ardınca söyləyib.
Leonid Tibilov Rusiya prezidentinin müavini Vladislav Surkov ilə görüşdə deyib: Dünyanın hazırkı siyasi durumu bizim tarixi bir qərar qəbul etmək məcburiyyətində qoyub və biz öz təhlükəsizliyimizi təmin etmək üçün Rusiyaya birləşmək qərarına gəlmişik.
Qondarma Cənubi Osetiya Respublikasının prezidenti daha sonra Rusiyaya birləşməyin osetiyalıların çoxdankı arzusu olduğunu iddia edərək, Gürcüstanın "nasionalist və faşist" hərəkətləri adlandırdığı məsələ qarşısında Rusiyaya birləşməyi Cənubi Osetiya xalqının röyası adlandırıb.
Bunun ardınca Rusiya prezidenti Vladimir Putin 20 sentyabrda Cənubi Osetiyanın "müstəqilliyi"nin 25-ci ildönümü münasibəti ilə etdiyi təbrik müraciətində Moskvanın siyasi, ictimai, iqtisadi və təhlükəsizlik sahələrində Cənubi Osetiyaya yardımlarını davam etdirməyə hazır olduğunu vurğulayıb.
Gürcüstan baş nazirinin müavini və xarici işlər naziri də son zamanlar bildirib ki, NATO-ya üzvlük Gürcüstanın müstəqilliyi və təhlükəsizliyinə zəmanət olacaq.
Bundan öncə də Gürcüstan rəsmiləri tam aşkar formada bu ölkənin NATO-ya və Avropa Birliyinə qoşulmasından söz açıblar. Amma, hər dəfə Gürcüstan rəsmiləri bu barədə açıqlama verdikdən sonra, Cənubi Osetiya və Abxasiyanın bu ölkədən ayrılması və Rusiyaya yaxınlaşması istiqamətində səylər artmağa başlayır.
Bu arada, Rusiya rəsmiləri məsələ ilə bağlı açıqlama vermək istəməsələr də, Ukrayna böhranının ardınca Rusiyanın aqressiv mövqedən çıxış etməsi Qərb tərəfinin bir qədər passivləşməsinə səbəb olub. Buna görə də hazırda Cənubi Osetiya rəhbərliyinin Rusiyaya birləşməklə bağlı səsləndirdiyi fikirlər də Rusiyanın Suriyadakı hərbi əməliyyatlarının kölgəsində qalaraq, Qərbin kəskin reaksiyaları ilə üzləşməyib.

Teqlər