Amerikada yüzlərlə etirazçı həbs edildi
-
Amerikada yüzlərlə etirazçı həbs edildi
ABŞ polisi siyasətçilər arasında korrupsiya və rüşvətxorluq əleyhinə etiraz aksiyasında iştirak edən 400 nəfəri həbs edib. Bu insanlar ABŞ Konqresinin önündə keçirilən etiraz aksiyasında iştirak edirmişlər.
Röyters bildirir ki, Bazar ertəsi günü ABŞ Konqresinin binası önündə etiraz aksiyası təşkil edən Demokratiya Baharı Təşkilatı öz internet səhifəsində bir bəyanat yerləşdirib. Bəyanatda bu etiraz aksiyasının keçirilməsində məqsədin siyasətçilər arasında korrupsiya və rüşvətxorluğa son qoyulması tələbinin irəli sürülməsi olduğu bildirilir.
Təşkilatın ictimai əlaqələr şöbəsinin sədri Piter Kalahan deyib: Biz Konqresin "Millət Evi" olduğu qənaətindəyik. Buna görə də, Konqres xalq qarşısında cavabdeh olmalıdır. Konqresmenlər onlara səs verən insanların hüquqlarını qorumalıdırlar.
Bu məlumata görə, tam sivil qaydada keçirilən etiraz aksiyası polis zorakılığına məruz qalıb və 400 nəfərdən çox aksiya iştirakçısı saxlanılıb.
Təşkilatçılar bu etiraz aksiyasının bir həftə müddətinə hər gün keçiriləcəyini bildiriblər.