Türkiyənin cənubunda 20 PKK terrorçusu öldürülüb
-
Türkiyənin cənubunda 20 PKK terrorçusu öldürülüb
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı bir bəyanat yayaraq, ölkənin cənub-şərqində yerləşən Hakkari əyalətində və İraqın şimal məntəqələrində PKK terrorçularının mövqelərinə qarşı hava hücumlarında 20 terrorçunun öldürülməsindən xəbər verib.
Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, bu bəyanatda deyilir: Türkiyə qırıcıları ötən 24 saat ərzində İraqın şimalındakı yüksəkliklər və Hakkari əyalətində yerləşən Şəmdinli məntəqəsini bombardman ediblər. Nəticədə 20 PKK yaraqlısı öldürülüb.
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı öz bəyanatında İraqın şimalında, Mətina və Həkürk məntəqələrində PKK terrorçularına məxsus silah anbarı, sığınacaqlar və bunkerlərin dağıdıldığını da qeyd edib. Bu əməliyyat zamanı 15 terrorçunun öldürüldüyü bildirilir.
Türkiyə qırıcıları həmçinin, Hakkari əyalətində yerləşən Şəmdinli məntəqəsində 5 terrorçunu öldürüblər.