Nefti bahalaşdıran qlobal siyasət karuseli
https://azeri.sahartv.ir/news/dünya-i218899-nefti_bahalaşdıran_qlobal_siyasət_karuseli
Cəmi bir-iki ay əvvəl yalnız həddən artıq optimist proqnozlarda yer alan hadisə artıq baş verməkdədir - neftin 1 barelin qiyməti psixoloji göstərici olan 50 dollara yaxınlaşır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 22, 2016 13:13 Asia/Baku
  • Nefti bahalaşdıran qlobal siyasət karuseli
    Nefti bahalaşdıran qlobal siyasət karuseli

Cəmi bir-iki ay əvvəl yalnız həddən artıq optimist proqnozlarda yer alan hadisə artıq baş verməkdədir - neftin 1 barelin qiyməti psixoloji göstərici olan 50 dollara yaxınlaşır.

Hazırda neftin qiyməti 49 dollar təşkil edir ki, bu da nə az, nə çox yarım illik maksimumudur. Belə ki, sonuncu dəfə oxşar qiymət ötən ilin noyabrın 4-də müşahidə olunub. Analitiklər yaranan vəziyyətin səbəbləri barədə ehtimallar irəli sürməkdə davam edirlər, amma demək olar ki, ortada dəqiq cavablardan çox ehtimal və suallar var.

Məsələn, "Goldman Sachs"ın mütəxəssisləri araşdırma apararaq belə nəticəyə gəliblər ki, neft bazarında gözlənilməz olaraq təklif kəsiri yaranıb. Bunun səbəbləri kimi iqtisadiyyatdan çox uzaq olan amillər qeyd edilir – Nigeriyada neft kəmərlərinə silahlı hücumlar, Kanadada yanğınlar və sair. Nəticədə, uzun müddət ərzində ilk dəfə olaraq, bazarda neftin qıtlığı yaranıb və “Goldman Sachs”ın proqnozuna görə, bu vəziyyət ilin ikinci yarısında da davam edəcək. Bu dərhal bazar iştirakçıları, hətta Rusiya kimi bəzi ölkələrdə optimizmin yaranmasına gətirib çıxarıb, hətta uzun müddətli müsbət proqnozlar yaranmağa başlanıb. Amma bir məqam var: əgər neftin bahalaşması faktiki olaraq belə fors-major halları nəticəsində yaranmış neftin qıtlığı səbəbindən baş veribsə, sevinməyə əsas yoxdur - həmin hallar necə yaranıbsa, elə də yox olacaq.

Qəribə səslənsə belə, səbəbləri axtarmaq üçün Yaxın Şərqə deyil, radikal olaraq Qərbə baxmaq lazımdır. Bloomberg agentliyinin məlumatına görə, ötən həftə ərzində üç neft şirkəti özlərini bankrot elan edib. Bunlar “Chaparral Energy Inc.”, “Penn Virginia Corp.” və “Linn Energy LLC” şirkətləridir ki, onların məcmu borcları 11 mlrd. dollar təşkil edib. Amma bu, necə deyərlər, yalnız aysberqin görünən hissəsidir - ötən ilin əvvəlindən bu günə kimi Şimalı Amerikada 130 neft-qaz istehsalçı və servis şirkətləri özlərini bankrot elan ediblər. Onların məcmu borcu 44 mlrd. dollara bərabərdir ki, buraya ötən həftə bankrot elan edilən üç şirkət daxil deyil. Həmçinin məlumdur ki, bəzi şirkətlər kreditorlarla fəal danışıqlar aparır və bu səbəbdən iflas olan neft şirkətlərinin sayı arta da bilər. Ümumilikdə, Bloomberg belə nəticəyə gəlir ki, son zamanlar müşahidə olunan 45 dollarlıq orta qiymət Amerika neft-qaz şirkətləri üçün kifayət deyil. Yəni, ölkədə iflasa uğramaq dalğasını saxlamaq üçün qiymət qalxmalıdır. Və ya qaldırılmalıdır...

Neft bazarında qiymətlərin təhlilini aparan mütəxəssislər dəfələrlə bildirmişdirlər ki, qiymətlərə əsas təsir edən qüvvə ABŞ-dır. Hansı siyasi və iqtisadi alətlərin vasitəsi ilə buna nail olunur, dəqiq bilinmir, amma bu ehtimallar əsassız deyil. Çünki dəfələrlə bunun şahidi olmuşuq. Hətta burada əsas məqsədin Rusiyanın iqtisadiyyatına əvəzolunmaz zərbə vurmaq olduğu barədə mütəxəssislərin ortaq fikri də var. İndi isə görünür ki, ABŞ öz tələsinə düşməyə başlayıb, çünki qlobal siyasi qərarların korporativ qurbanlarının sayı artmaqdadır və bu artıq daxili iqtisadiyyata zərbə vurmağa başlayıb. Ehtimal etmək olar ki, həmin qərarların reallaşması zamanı şərti qiymət səviyyəsinin artması istiqamətinə yenidən baxılıb ki, ABŞ-ın öz şirkətləri bankrotluq kimi zərərli proseslə üzləşməsin. Nəticədə son zamanlar neft 50 dollara qədər bahalaşıb. Siyasətdə və qlobal iqtisadiyyatda təsadüflərə inanmaq çətindir – ABŞ-da neft-qaz şirkətləri arasında bankrotluq kütləvi xarakteri alıb və həmin dövrdə neft bahalaşmağa başlayıb. Bu bir təsadüfdürmü?