Kəşmir müsəlmanlarına qarşı zorakılıqlar davam edir
Yeni Dehli Hindistanın nəzarəti altında olan Kəşmirin mərkəzi olan Seringerdə komendant saatı elan edərək, etiraz aksiyalarının keçirilməsinə mane olmağa çalışıb.
PressTV-nin verdiyi məlumata görə, çərşənbə axşamı Hindistanın nəzarəti altında olan müsəlman sakinli Kəşmir əyalətində keçirilən etiraz aksiyası zamanı onlarla nəfər o cümlədən Azadlıq Cəbhəsinin rəhbəri Yasın Malik həbs edilib.
Tikanlı tellər, yoxlama-buraxılış məntəqələri və təhlükəsizlik qüvvələrinin davamlı şəkildə reydlər keçirməsi Hindistanın nəzarəti altında olan Kəşmirdə insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib.
Yasin Malik həbs edilməsindən öncə Hindistan hökumətinin Kəşmir müsəlmanlarına qarşı zorakılıqlarını tənqid etmişdi.
Y.Malik Kəşmir əhalisinin Hindistanın zülmündən xilas olmaq və bu ölkədən ayrılmaq niyyətində olduğunu elan etsə də, Yeni Dehli Kəşmir əhalisinin öz taleyini təyin etmə haqqına əhəmiyyət vermir və bu məntəqə sakinlərinə qarşı mübarizənin davam edəcəyini bildirir.
Hindistanın nəzarəti altında olan Kəşmirdə vəziyyət cari ilin iyul ayında Mücahidin Partiyasının rəhbəri Bürhan Müzəffər Vaninin Hindistanın təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilməsinin ardınca gərginləşib.
Bu müddət ərzində təhlükəsizlik qüvvələrinin Kəşmir sakinlərinə hücmu nəticəsində 107 nəfər ölüb, minlərlə nəfər isə yaralanıb.