Moqerini: AB öz səfirliklərini Qüdsə köçürməyəcək
Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi bu birliyə üzv heç bir ölkənin Qüdsü İsrailin paytaxtı olaraq tanımadığını və öz səfirliyini bu şəhərə köçürməyəcəyini deyib.
Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, AB-nin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini Avropa Parlamentinin Brüssel iclasında deyib: AB Qüdslə bağlı aydın və ahəngdar mövqeyə malikdir. Avropa Birliyinə üzv heç bir ölkə öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürməyəcək.
ABŞ prezidenti Donald Tramp 6 dekabrda regional və beynəlxalq etirazlara baxmayaraq, Amerikanın Qüdsü İsrailin paytaxtı olaraq tanıdığını və öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürəcəyini açıqladı.
Trampın bu hərəkəti İslam Dünyası, Avropa ölkələri və hətta, Amerikanın öz daxilində belə etirazlara səbəb olub.
AB-nin xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini Avropa Parlamentinin üzvləri qarşısında deyib: İsrailin baş naziri Benyamin Netanyahuya bir çox məsələ ilə bağlı AB-nin onunla eyni fikirdə olmadığını izah etdim.
Moqerini regionda məntiqli mövqeyə malik olan tərəflərin himayə edilməsini vacib adlandırıb və Yaxın Şərqdə siyasi boşluğun yaranmasını önləmək lazım gəldiyini bildirib.