Avropada İnsan alveri şəbəkəsi məhv edilib
Avropa polisi Fransa vasitəsilə Britaniyaya 10 min miqrantın köçürülməsində ittiham olunan insan alveri şəbəkəsinin aşkarlanaraq üzvlərinin saxlanıldığını xəbər verib.
"Foks Nyus" xəbər kanalının məlumatına görə, Avropanın Polis Agentliyi "Europol" bildirib ki, insan alveri ilə məşğul olan şəbəkənin 23 üzvü minlərlə Əfqanıstan, İraq və Suriya vətəndaşını Fransa yolu ilə Britaniyaya köçürməkdə ittiham olunaraq həbs edilib.
"Europol" bildirib ki, miqrantlar özlərini Fransada yerləşən iki məntəqəyə çatdırdıqdan sonra hər biri insan alverçilərinə 7 min 760 dollar məbləğində pul ödəyib Britaniya istiqamətində təhlükəli bir səfərə çıxırdılar.
Bu şəbəkənin ümumilikdə miqrantların köçürülməsindən 77 milyon 600 min dollar qazandığı təxmin edilir.
Fransanın Sərhəd Mühafizə Xidməti və Milli Polisi və Niderlandın silahlı qüvvələri bu şəbəkə ilə əlaqədar beş ayrı-ayrı əməliyyatda, odlu silahlar və miqrantları daşıyan avtomobilləri ələ keçiriblər. Bu əməliyyatlar 39 vyetnamlı miqrantın Britaniyaya gedən yolda ölümündən sonra həyata keçirilmişdir.