İyun 30, 2020 21:01 Asia/Baku
  • Çinin qanunverici orqanı Honkonqda milli təhlükəsizliyə dair qanun layihəsini təsdiqləyib

Çinin ali qanunverici orqanı olan Ümumçin Xalq Nümayəndələri Məclisinin (ÜXNM) Daimi Komitəsinin iyunun 30-da başa çatan növbəti sessiyasında Honkonq Xüsusi İnzibati Ərazisində milli təhlükəsizliyin təminatına dair qanun layihəsi təsdiqlənib.

SəhərAzəri AZƏRTAC-a istinadən xəbər verir ki, sessiyada qəbul olunmuş digər qərarla "Honkonq Xüsusi İnzibati Ərazisində milli təhlükəsizliyin qorunması üçün hüquq sisteminin və hüququn tətbiqi mexanizmlərinin yaradılması və təkmilləşdirilməsi haqqında" qanun Honkonqun Əsas Qanununa 3-cü əlavəyə daxil edilib.

Çin rəsmi mənbələri həmin qanunun Honkonqun muxtariyyət statusunu və "Bir dövlət, iki sistem" prinsipini pozmadığını açıqlayıb. Bildirilir ki, Honkonqda milli təhlükəsizlik haqqında qanun və müvafiq icra mexanizmlərinin yaradılması milli təhlükəsizliyə ciddi ziyan vuran hərəkətlərin sayını mümkün qədər azaltmağa yönələcək. Bu qanun Honkonqun hüquq sistemini dəyişməyəcək, ərazinin inzibati səlahiyyətlərinə, qanunvericilik hüququna, müstəqil məhkəmə hakimiyyətinə və qəti hökm çıxarmaq hüququna təsir göstərməyəcək.

Qeyd edək ki, qanun layihəsi başda ABŞ olmaqla Qərbin kəskin etirazına səbəb olub. Onlar bu qanunun Honkonqun muxtariyyət statusunu və "Bir dövlət, iki sistem" prinsipini pozacağını iddia edirlər. İyunun 17-də "Böyük yeddilər" (G7) qrupunun Xarici İşlər nazirlərinin birgə bəyanatında Çin bu qanunun qəbulunu dayandırmağa çağırılıb. Ötən həftə isə ABŞ Senatında “Honkonqun muxtariyyəti aktı” qəbul olunub və bunun ardınca dövlət katibi Mayk Pompeo Vaşinqtonun Honkonqda azadlıqların pozulmasına və bölgənin muxtariyyətini sarsıtmağa məsuliyyət daşıyan Çin Kommunist Partiyasının vəzifəli şəxslərinə qarşı viza məhdudiyyətləri tətbiq edəcəyini açıqlayıb.

 

Teqlər