Okt 08, 2020 09:11 Asia/Baku
  • Meri Tramp: Əmim 210 min amerikalının ölümündə məsuliyyət daşıyır

ABŞ prezidenti Donald Trampın qardaşı qızı Meri Tramp çərşənbə günü bir müsahibədə əmisinin xəstəxanadan buraxıldıqdan sonrakı hərəkətlərini tənqid edib.

SəhərAzəri xəbər verir, Meri Tramp ABŞ prezidentinin koronavirusun təhlükələrinə məsuliyyətsiz və etinasız yanaşmasını tənqid edib. Deyib ki, onun əmisi 210 mindən çox amerikalının ölümündə məsuliyyət daşıyır.

Meri Tramp Amerika prezidentinin vaxtından qabaq xəstəxanadan çıxmasına da işarə edib. Bildirib ki, Donald Tramp hazırda qəsdən başqalarını xəstələndirməkdədir.

ABŞ prezidenti Donald Tramp ötən həftənin cümə axşamı günü koronavirusa yoluxduğunu bildirdi.

Tramp COVID-19 analizinin müsbət çıxması ilə «Uolter Rid» hospitalına yatırıldı. Amma bazar ertəsi günü axşamçağı, yəni xəstəxanada üç gün yatdıqdan sonra həkimlərin nəzərinə məhəl qoymadan tələsik Ağ Ev-ə geri döndü.

Nyu-York Tayms qəzetinin məlumatına görə, indiyədək Trampla əlaqədə və ya Ağ Ev-də olan, yaxud da onun seçki səfərlərində iştirak edən 20 nəfər koronavirusa yoluxub.

Amerika hazırda həm koronavirusa yoluxma, həm də bu virusdan ölüm hallarının sayı baxımından dünya ölkələrinin önündə gedir.

Rəsmi statistikalara görə, indiyədək Amerikada 7 milyon 700 min nəfərdə çox insan koronavirusa yoluxubdur ki, onlardan təqribən 215 min nəfər həyatını itiribdir.

Teqlər