ABŞ Konqresinin erməni dərdi-Təlil
ABŞ Konqresi yenə də Qarabağdakı erməni separatizminin müdafiəsinə qalxdı.
SəhərAzəri xəbər verir ki, ABŞ Konqresinin yüz üzvü Co Baydenin idarə heyətini Artsax deyilən qondarma Dağlıq Qarabağ Respublikasının həyati əhəmiyyəti və Ermənistanın təhlükəsizliyi üçün konkret addımlar atmağa çağırıb.
ABŞ Dövlət katibinə və müdafiə nazirinə ünvanlanan məktubda keçən payızda Azərbaycan ordusunun guya təcavüzü nəticəsində yaranan Dağlıq Qarabağ ətrafında böhranın ciddiliyi vurğulanır və bildirilir ki, ABŞ tərəfindən təcili tədbirlər görülməlidir.
Onlar, Bayden rəhbərliyini separatçı bölgənin xalqına icmalarını bərpa etməyə, erməni separatçılarının öz müqəddəratlarını təyinetmə hüququna dayaqlanmış regional həll axtarışında iştirak etməyə və münaqişədə qanuni danışıqlar aparan tərəf olaraq dırnaqarası Artsax xalqının öz müqəddəratını təyinetmə hüququnu tanımağa çağırıblar. Xüsusən, erməni əsirlərini dərhal azadlığa buraxmağı təmin etmək işində Ermənistanın iqtisadi inkişafına dəstək olmaq, Azərbaycanın guya təcavüzü üzündən didərgin düşmüş ermənilərə dəstək olmaq, eləcə də, Co Baydeni Erməni Soyqırımını tanımaq konqresmenlərin istəkləri sırasındadır.
Bəzi erməni siyasətçilər ümidvardırlar ki, ABŞ-dakı yeni administrasiyanın köməyi ilə Qarabağ müharibəsinin nəticələrini öz xeyirlərinə dəyişə biləcəklər. Eyni zamanda Ermənistanın siyasi mövqeyi güclənəcəkdir.
Xatırladaq ki, ABŞ dövlət katibi Entoni Blinken vəzifəsinin icrasına başladıqdan dərhal sonra Birləşmiş Ştatların Ermənistanın xeyrinə Azərbaycanla münasibətlərə təzədən baxa, təhlükəsizlik sahəsində Azərbaycana yardımları kəsə biləcəyini söyləyib. Bu xüsusda o, ehtiyac yaranarsa, Ağ Evin Azərbaycana qarşı “907-ci düzəliş”i qüvvəyə mindirməyə hazır olduğunu da dilə gətirib.
Müşahidəçilər bildirirlər ki, təkcə şəxsən Blinkenin deyil, bütövlükdə ABŞ Demokrat Partiyasının erməni diasporu ilə çox isti münasibətləri var və erməni diasporu Demokratik Partiyanın ənənəvi sütunlarından biridir. Ona görə də demokrat hökumətin gələcəkdə Ermənistanı və Qarabağ ermənilərini sülh prosesini əngəlləməyə təşviq edəcəyi istisna edilmir.
Əslində belə demək olarsa, amerikalılara Cənubi Qafqazda heç bir şəkildə sülh və möhkəm sabitlik gərək deyil.