Apr 05, 2022 10:52 Asia/Baku
  • Rusiyanın 18 500-ə yaxın hərbçisi zərərsizləşdirilib

Ukrayna Baş Qərargahı Rusiyanın indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikasının sayını açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, Rusiyanın 18 500-ə yaxın hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 676 ədəd tankı, 1 858 ədəd zirehli döyüş maşını, 332 ədəd artilleriya sistemi, 107 ədəd reaktiv yaylım atəş sistemi, 55 hava hücumundan müdafiə sistemi, 150 ədəd hərbi təyyarəsi, 134 ədəd helikopteri, 1 322 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi və kateri, 76 ədəd yanacaq çəni, 94 ədəd dronu, 25 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.
Bundan əlavə qeyd olunur ki, Ukraynada əsir götürülən Rusiya əsgərlərinin sayı 600 nəfərə yaxındır.

Bu barədə Ukrayna baş nazirinin müavini İrina Vereşuk deyib: "Biz ümumi rəqəmlərdən danışırıqsa, hazırda onların sayı 600-ə yaxındır. Bilirsiniz, biz beynəlxalq hüquq normalarına uyğun olaraq onlar üçün xüsusi düşərgə tikməliyik".

O, həmçinin qeyd edib ki, bu gün rəsmi şəxslərin iştirakı ilə keçirilən görüşdə çoxsaylı məhbusların məsələsi müzakirə olunub.

Bu arada Ukrayna Prezidenti Vladimir Zelenski Buça ilə yanaşı Borodyanka və digər şəhərlərdə qurbanların sayının daha çox ola biləcəyini vurğulayıb. 

O deyib: "Öldürülən ukraynalıların meyitlərini bir çox küçələrdən götürüblər. Lakin həyətlərdə, küçələrdə cəsədlər qalmaqdadır. Xüsusən “uşaq” yazılmış avtomobillərdə güllə izləri görmək daha ağırdır. İşğalçıların etdikləri ilə bağlı yenicə araşdırmalara başlamışıq”, - deyə Zelenski Buça səfəri zamanı deyib.

Digər tərəfdən Ukraynada mürəkkəb vəziyyətin yaranmasında böyük payı olan Amerika Ukraynadakı münaqişənin aylar və ya daha çox davam edə biləcəyi barədə xəbərdarlıq edib.

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan qeyd edib ki, Rusiyanın Ukraynadakı əməliyyatının növbəti mərhələsi uzana bilər.

Xatırladaq ki, Rusiya Kiyev və Çerniqov vilayətlərindən çəkilərək, Donbas və cənub istiqamətində qüvvələrini cəmləyir.

Teqlər