İslam Peyğəmbərinə (s) hörmətsizlik edən yazıçı ölüm ayağındadır
Yerli vaxtla cümə günü Nyu-Yorkda bıçaqla hücuma məruz qalan "Şeytan ayələri" kitabının mürtəd müəllifi və İslam Peyğəmbərinə (s.ə.s) hörmətsizlik edən Salman Rüşdinin sözçüsü bildirib ki, o, saatlarla davam edən cərahiyyə əməliyyatından sonra süni tənəffüs aparatı ilə nəfəs alır və danışa bilmir.
SəhərAzəri-nin məlumatına əsasən, Salman Rüşdinin sözçüsü Endryu Vayli deyib: "Saatlarla davam edən əməliyyatdan sonra Salman Rüşdi süni tənəffüs aparatına qoşulub və danışa bilmir".
Bu 75 yaşlı ingilis əsilli amerikalı mürtəd yazıçının sözçüsü əlavə edib: "Salman Rüşdi böyük ehtimalla bir gözünü itirəcək, onun əlinin əsəbləri qırılıb və qaraciyəri bıçaq zərbəsi nəticəsində zədələnib".
İslam Peyğəmbərinə hörmətsizlik edən, "Şeytan ayələri" kitabının müəllifi Salman Rüşdi yerli vaxtla cümə günü Nyu-Yorkun qərbində keçirilən bir tədbirdə çıxış etmək istəyərkən bıçaqla hücuma məruz qalıb.
Nyu-York polisi Salman Rüşdiyə hücum edən şəxsin Nyu Cersidən olan 24 yaşlı Hadi Mətər olduğunu müəyyən edib. O, hazırda həbsdədir.
Eyni zamanda, polis şübhəlinin milliyyətini və cinayət keçmişi olub-olmadığını müəyyən etməyib.
Rüşdi 1988-ci ildə İslam haqqında küfr romanı olan "Şeytan ayələri" Kitabını nəşr etdi ki, bu da müsəlmanların qəzəbinə səbəb oldu.