Avq 27, 2022 16:25 Asia/Baku
  • Britaniyada görünməmiş enerji böhranı; İllik enerji xərcləri 80 faiz artacaq

Britaniyanın enerji tənzimləyicisi bildirib ki, cari ilin oktyabr ayından etibarən Britaniya istehlakçıları enerji ödənişlərində 80 faiz artımla üzləşəcəklər.

SəhərAzəri-nin məlumatına əsasən, Britaniyada hazırda hər bir ailə orta hesabla məişət qazı və elektrik haqqı üçün 1,971 funt sterlinq ödəyir ki, bu rəqəm oktyabr ayından etibarən  3 min 549 funt sterlinqə yüksələcək. Britaniya vətəndaşlarının onilliklərdən sonra 10 faizlik inflyasiya böhranı ilə üzləşdikləri bir halda bu xəbərin dərc edilməsi cəmiyyətə psixoloji cəhətdən dağıdıcı təsirlər göstərə bilər. 

Ofgem-in icraçı direktoru Jonathan Brearley artımın Britaniyadakı ev təsərrüfatlarına "kütləvi təsir" göstərəcəyini və başqa bir artımın yanvar ayında enerji bazarlarında əhəmiyyətli qiymət təzyiqini əks etdirəcəyini söyləyib.

O, qeyd edib ki, hökumət ev təsərrüfatlarına əlavə yardım göstərməlidir.

Jonathan Brearley deyib: "Hökumətin dəstək paketi hazırda kömək edir, amma aydındır ki, yeni baş nazir oktyabrda və gələn il baş verəcək qiymət artımlarının təsirini aradan qaldırmaq üçün daha çox hərəkət etməli olacaq".

"Cavab qarşımızda duran böhranın miqyasına uyğun olmalıdır", - deyə o, əlavə edib.

Yeni proqnozlar göstərir ki, tipik illik enerji ödənişləri yanvarda 5000 funt-sterlinqdən, apreldə isə 6700 funt-sterlinqdən çox ola bilər.

 

Teqlər