AEBA-nın Zaporojye AES-dən təftiş hesabatı yayılıb
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Zaporojye atom elektrik stansiyasında və Ukraynanın digər nüvə təsisatlarındakı təhlükəsizlik durumu barədə öz təftiş hesabatını yayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin müfəttişləri Zaporojye atom elektrik stansiyası barədəki təftiş hesabatlarında stansiyada müşahidə olunan ziyanları qeydə alıb və bu təsisatlarda nüvə faciəsinin baş verməsinin qarşısını almaq üçün tədbirlərin görülməsi zərurətinə təkid ediblər.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik öz hesabatında hərbi fəaliyyətlər nəticəsində baş verə biləcək fövqəladə vəziyyətlərin qarşısını almaq məqsədilə Zaporojye atom elektrik stansiyasının ətrafında təhlükəsizlik zonasının yaradılması təklifini irəli sürüb.
Avropada ən iri atom elektrik stansiyası sayılan Zaporojye atom elektrik stansiyası mart ayında Rusiya qüvvələrinin nəzarətinə keçibdir.
Stansiya son həftələr dəfələrlə hücuma məruz qalıb. Ukrayna və Rusiya bir-birilərini bu təsisatları atəşə tutmaqda ittiham edirlər.