Zelenskinin ABŞ-a səfəri başa çatdı
Ukraynada müharibə daha artıq qızışa bilər - TƏHLİL
Ukrayna prezidenti Volodimir Zelenski Amerikaya səfərini başa vurub. Bu, Zelenskinin Ukraynada müharibə başlayandan sonra ilk xarici səfəri idi.
SəhərAzəri-nin məlumatına əsasən, bu səfər zamanı Zelenski ABŞ prezidenti Co Baydenlə görüşdü. Hər iki tərəf öz press-relizində ABŞ-ın Ukraynaya maliyyə və hərbi dəstəyini davam etdirməsini və Rusiyaya qarşı daha çox sanksiyaların tətbiqini vurğuladı. Bununla əlaqədar verdiyi açıqlamalarda, Bayden Ukraynaya 1,85 milyard dollar dəyərində yeni hərbi yardım şəklində Patriot hava hücumundan müdafiə sistemlərinin verildiyini təsdiqləyərkən, Ukraynaya 45 milyard əlavə hərbi yardımın təsdiqlənməsi elan edildi.
Digər tərəfdən ABŞ Konqresində Zelenski Rusiya və İrana qarşı iddialarını təkrarladı və Ukrayna əsgərlərinin Rusiyaya qarşı mübarizəsini 1944-cü ildə ABŞ əsgərlərinin Hitlerə qarşı mübarizəsinə bənzətdi. Bu mövqe göstərir ki, Ukraynada müharibənin dayandırılması və Moskva ilə Kiyev arasında sülh danışıqlarının başlanması ilə bağlı bəzi tələblərə baxmayaraq, Rusiyaya qarşı ideoloji mübarizədən danışır. Və Birləşmiş Ştatların 45 milyard dollarlıq ianəsi hesabına müharibənin əhatəsini genişləndirmək niyyətindədir.
İndi Vaşinqtonun Kiyevə yardımında mühüm məsələ Rusiyanın sərt reaksiyasına səbəb olan “Patriot” hava və raketdən müdafiə sistemidir. Rusiya prezidenti Vladimir Putin deyib ki, Ukraynaya Patriot sisteminin göndərilməsi münaqişəni uzadacaq. Moskvanın nöqteyi-nəzərindən Amerikanın bu müharibəni davam etdirməkdə məqsədi Rusiyanı parçalamaq və onu mümkün qədər zəiflətməkdir.
Beləliklə, Ukraynada artıq 10-cu ayını tamamlayan müharibənin böyük insan tələfatına və dağıntılara səbəb olacağı gözlənilir. Zelenskinin mövqeyi və ABŞ-ın geniş dəstəyi sayəsində qarşıdakı aylarda müharibə güclü şəkildə davam edəcək.
Şübhəsiz ki, bu müharibənin uzanması onun Polşaya və ya Baltikyanı üç respublikaya yayılma ehtimalını artıracaq ki, bu da Rusiya ilə NATO arasında birbaşa hərbi qarşıdurma demək olacaqdır.