ABŞ sülhü dəstəkləyir?
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Azərbaycan Respublikası və Ermənistan arasında davamlı sülhu dəstəklədiyini iddia edib.
Ned Prays bildirib ki, Vaşinqton davamlı sülhə nail olunması üçün həm üçtərəfli, həm də çoxtərəfli formatlarda iştirakını davam etdirir: “Biz Ermənistan və Azərbaycanla birbaşa müzakirələrdə iştirak etməyə davam edirik. Biz bunu ikitərəfli edirik, biz bunu öz tərəfdaşlarımızla birlikdə edirik, biz bunu çoxtərəfli institutlar vasitəsilə edirik”,- ABŞ Dövlət Departamentinin sözçüsü deyib.
O əlavə edib ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında uzun müddətdir ayrılıqlara səbəb olmuş məsələlərin həlli və davamlı sülhə nail olunması üçün tərəflər arasında birbaşa dialoq görməyə ümid edir.
Azərbaycanın sabiq xarici işlər naziri, tanınmış politoloq Tofiq Zülfüqarov isə modern.az-a verdiyi müsahibəsində qərb dövlət və qurumlarının Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunmasında maraqlı olmadıqlarını bildirib: “Təəssüflər olsun ki, Ermənistanın xaricdəki havadarları münaqişənin davam etməsi üçün sözdə, bəzən siyasi müstəvidə ona müəyyən dəstək verirlər. Biz görürük ki, hələ beynəlxalq qurumlar, beynəlxalq oyunçular Ermənistanı beynəlxalq qanunlara riayət etməyə məcbur etmir. Vəziyyət təxminən müharibədən əvvəlki kimidir.”
Politoloq son günlər ABŞ dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevə telefon zəngində Laçın dəhlizi ilə bağlı narahatlığını dilə gətirməsinə də münasibət bildirib: “Laçın yolu gündəmə gətirilir, ancaq qeyri-qanuni silahlı qruplaşmaların Qarabağdan çıxarılması məsələsi gündəmə gətirilmir. Ciddi məsələləri qırağa qoyub, ikinci dərəcəli məsələləri gündəmə gətirirlər.”
Tofiq Zülfüqarov ABŞ-ın Ermənistanda anti-rusiya əhvalatı yaratmaq məqsədi ilə ermənilərin gözləntilərini yerinə yetirməkdə olduğunu deyib: “Bir sözlə, sülh mövzusu heç kimin marağında deyil. Bu zənglər mənasızdır. Sadəcə ermənilərə xoş gəlmək, onlarda anti-rusiya əhvalını yaratmaq məqsədi daşıyırlar. Belə zənglərə ciddi yanaşmaq lazım deyil.