ABŞ Qərbin müdaxiləsini çətinləşdirən qanundan narahatdır
Müxtəlif ölkələrə müdaxilə üçün söz və ifadə azadlığı adı altında öz təşkilatlarının fəaliyyətinə şərait yaradan ABŞ, Gürcüstanda Xarici təsirin şəffaflığını təmin edən qanundan dərin narahatlığını bildirib.
Çərşənbə axşamı brifinq zamanı Dövlət Departamentinin nümayəndəsi Metyu Miller Turan-ın suallarını cavablandırarkən qanun layihəsilə bağlı Vaşinqtonun "dərin narahatlığını" təsdiqləyib.
"Mən, sadəcə, təkrar edirəm ki, biz əvvəlkitək bu qanundan çox narahatıq. Gürcüstanda və ya dünyanın başqa bir yerində etirazçılara gəlincə, ABŞ bütün dünyada hər bir insanın ifadə və söz azadlığı hüququnu dəstəkləyir", - Miller deyib.
Öncə Avropa İttifaqı da Gürcüstanda Xarici təsirin şəffaflığını tələb edən qanuna qarşı mövqe bildirmişdi.
“Gürcüstan parlamentinə təqdim edilən xarici agentlər haqqında qanun layihəsi Avropa norma və dəyərlərinə uyğun gəlmir”,- Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Qreçinski aprelin 15-də bildirib.
O vurğulayıb ki, qanunun qəbulu Gürcüstanın Aİ-yə üzvlüklə bağlı müraciətinə baxılmasını gecikdirə bilər.
“Fikrimizcə, QHT-lərin şəffaflığı ilə bağlı narahatlıqlar vətəndaş cəmiyyəti təşkilatları üçün məkanın, söz və media azadlığının məhdudlaşdırılması üçün bəhanə kimi istifadə edilməməlidir”.
Qeyd edək ki, Gürcüstanda parlament çoxluğu “Xarici təsirin şəffaflığı haqqında” qanunun qanunverici orqanda yenidən müzakirə edilməsi barədə qərar qəbul edib.
Gürcüstan parlamentin spikeri Şalva Papuaşvili bildirib ki, xarici donorlar Gürcüstanda radikal qrupların və partiyaların məxfi maliyyələşməsini artırıblar.
Aprelin 15-də Gürcüstan parlamentinin Hüquq məsələləri komitəsinin iclasında müxalifətçi Aleko Elisaşvili və hökumətyönlü fraksiyanın lideri Mamuka Mdinaradze arasında dava baş verib.
Elisaşvili deputatlara "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini təqdim edən Mdinaradzeni vurub. Bundan sonra iclas dayandırılıb.
Hakim partiyada bildirirlər ki, qanun layihəsi ancaq xaricdən maliyyə alan QHT və KİV-lərin işində şəffaflığın artırılmasına yönəlib.
Eyni zamanda, hakimiyyət Avropa və Amerika fondlarını Gürcüstanda "radikalizmi və inqilabi əhval-ruhiyyəni maliyyələşdirməkdə" ittiham edir.