Qəhvənin arıqlamaq üçün faydaları
Qranada Universitetinin fizioloqlarının gəldiyi qənaətə əsasən, məşqdən yarım saat əvvəl bir fincan qəhvə piylərin yandırılması nisbətini artırır.
SəhərAzəri xəbər verir ki, kofein məşq zamanı piylərin yanmasına kömək edən vasitə kimi tanınıb, lakin onun real effektivliyi hələ sınaqdan keçirilməyib. Kofeinin faydalı olub olmadığını öyrənmək üçün tədqiqatçılar, həftədə dörd dəfə idman etmək üçün 32 yaşa yaxın 15 kişini cəlb edib.
İştirakçılar təsadüfi qaydada, səhər saat 8-də və ya axşam saat 17-də, bədən ağırlığının hər kiloqramına görə 3 mq kofein və ya plasebo (aşkar müalicəvi xüsusiyyətləri olmayan maddələr) qəbul edib və yarım saatdan sonra məşqə başlayıb. Səhər və axşam məşqlərindən əvvəl aclıq saatlarının sayı və digər amillər ciddi şəkildə standartlaşdırılıb. Nəticələrə əsasən, kofein qəbulunun həqiqətən idman zamanı yağ oksidləşməsini artırdığı məlum olub. Üstəlik, günortadan sonra təsir daha qabarıq olub. Beləliklə, tədqiqatçılar, günortadan sonra, kofein istehlak edərək, orta intensivlikdə olan aerobik məşqləri, piylərin yandırılması üçün optimal hesab edib.