Prezident Rəisi Nyu-Yorkda FIFA rəhbəri ilə görüşüb
İran İslam Respublikası prezidenti Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci iclası çərçivəsində FİFA prezidenti ilə görüşüb. Görüşdə dünya ulduzları komandası ilə İran ulduzları arasında futbol matçının keçirilməsi təklif edilib.
Seyid İbrahim Rəisi çərşənbə günü Covani İnfantino ilə görüşündə deyib ki, futbol bir çox insanın, xüsusən də gənclərin cəlbedici və sevimli idman növüdür və cəmiyyətdə canlılıq yaratmaq üçün həlledici sahələrdən biridir.
"Siyasətçilər və futbol sahəsi ilə məşğul olanlar oyunçuların texniki və taktiki bacarıqlarının təkmilləşdirilməsinə, idmançılarda və yarış meydançalarında peşəkar etikanın təbliğinə xüsusi diqqət yetirməlidirlər", - deyə Rəisi qeyd edib.
Prezident, həmçinin idmanı, xüsusən də futbolu ölkələr arasında daha sıx əlaqələr və münasibətlərin inkişafı üçün uyğun platformalardan biri hesab edib və İnfantinodan siyasətçilərin bu populyar idman növünə təsir göstərərək, onu siyasi məqsədlərə yönəltməsinə qarşı diqqətli olmasını istəyib.
Covani İnfantino da öz növbəsində Rəisi ilə görüşdən məmnunluğunu ifadə edib.
O, İran İslam Respublikası hökumətinin ölkənin hər yerində idmanın, xüsusən də futbolun inkişafı üçün göstərdiyi səyləri, FİFA ilə çox yaxşı və konstruktiv qarşılıqlı əlaqə və əməkdaşlığı yüksək qiymətləndirib.
İnfantino həmçinin FİFA-nın İran futbolunu dəstəkləməyə, İranın futbol imkanları və istedadlarını tanıtmağa və digər xalqları İran mədəniyyəti ilə tanış etməyə hazır olduğunu vurğulayıb.
FİFA rəhbəri yaxın vaxtlarda İran İslam Respublikasının ev sahibliyi ilə Dünya Ulduzları komandası ilə İran Ulduzları arasında futbol matçının keçirilməsini təklif edib və Rəisi bu təkliflə razılaşıb.
İnfantino Rəisiyə futbol topu da hədiyyə edib.